Zabit Səmədov yenə dünya çempionu oldu
20.03.2010 - 14:47
Zabit Səmədov yenə dünya çempionu oldu
Belarusun paytaxtı Minskdə beynəlxalq “K-1 World Max 2010 East Europe” turniri keçirilib. Lent.az-ın məlumatına görə, yarışda Şərqi Avropanın 70 kq çəkidə yer alan 8 ən güclü idmançısı döyüşüb.

Onların arasında həm Azərbaycan, həm də Belarusu təmsil edən Zamin Hüseynov da olub. Hüseynov 1/4 finalda İvan Qriqoryevi (Ukrayna), yarımfinalda isə Tadas Yonkusu (Litva) məğlub etdikdən sonra finalda Belarus idmançısı Vitali Qurkova uduzub.

Gecədə 3 superdöyüş də baş tutub. K-OK versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşə çıxan daha bir həmyerlimiz Zabit Səmədov hollandiyalı Rodni Qlanderlə qarşılaşıb. “Mauqli” ləqəbli Səmədov da həm Azərbaycan, həm də Belarus təmsilçisi kimi döyüşüb. O, “Sakit Qatil” ləqəbli Qlanderi vaxtından əvvəl yenərək, K-OK versiyası üzrə dünya çempionu olub. Səmədov bu qələbəni Minsk şəhərinə həsr edib.

Hər iki ölkəni təmsil edən daha bir idmançımız Ramil Novruzov açıq çəkidə döyüşdə İqnas Borisası (Litva) yenib. “K-1 World Max” versiyasında ehtiyat döyüşə çıxan Azərbaycan təmsilçisi Elmar Mürsəlov isə Gennadi Tkaçenkodan (Belarus) üstün olub.
0