“Türkiyədə heç Novruz bayramını keçirmirlər, amma biz...”
27.03.2010 - 12:43
“Türkiyədə heç Novruz bayramını keçirmirlər, amma biz...”
"Artıq Türkiyədən təlim-məşq toplanışından qayıtmışıq. Əvvəlcə mənimlə Ramilə Yusubovanın hazırlığa qatılacağı gözlənilirdi. Ramilənin səhhəti yaxşı olmadığına görə, Bakıda qaldı. Əvəzində "Neftçi" toplanışa 4-5 qadın idmançı göndərmişdi". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdo yığmasının lideri Kifayət Qasımova (57) deyib.

Qasımova Türkiyədə Novruz bayramının qeyd olunmadığını bildirib: "Əlbəttə, bayramı evdə keçirmək istərdim. Lakin toplanış bu bayrama təsadüf etdi və mən yaxınlarımdan uzaq düşdüm. Türkiyədə Novruz bayramını heç qeyd etmirlər. Biz də həmin günü məşq etməyə məcbur olduq. Məşq etmək üçün elə də yaxşı şərait yaradılmamışdı”.

Qasımova Türkiyədə dizindəki zədəni də müayinə etdirib: "Təlim-məşqdə tatami üzərinə çıxırdım. Güləşməkdən başqa, bütün hərəkətləri yerinə yetirirdim. Hələ ki, tam hazır deyiləm. Həkimlər daha 1 ay dincəlməyimi məsləhət gördülər. Avropa çempionatında yarışmayacağım dəqiqdir. İnşallah, may ayından kiçik turnirlərdə mübarizə aparacağam".

Qeyd edək ki, Kifayət Qasımova Avropa çempionatının 2 qat qalibi, dünya birinciliyinin bürünc mükafatçısıdır. O, ötən ilin payızında zədələnib və ondan bəri heç bir turnirə qatılmayıb.
0