Bakıda daha bir rekord
30.03.2010 - 11:47
Bakıda daha bir rekord
“Yeniyetmə və gənclərin dünya çempionatına hazırlıq prosesi başa çatmaq üzrədir. Martın 25-dən etibarən Bakıda Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) təlim-məşq toplanışı start götürüb. 30 ölkənin idmançıları aprelin 9-dək təlim-məşqdə iştirak etməklə yanaşı, dünya çempionatında da iştirak hüququna da malikdirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, aprelin 2-dən 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yeniyetmələr və gənclər arasında dünya çempionatının təşkilindən danışıb: “Çempionatın startından bir gün öncə, aprelin 1-də Beynəlxalq Qılıncoynatma Federasiyasının Baş Assambleyası olacaq. Bu, tarixdə sonuncu Baş Assambleya kimi qalacaq. Çünki ötən il qəbul olunan qərara əsasən, bundan sonra ildə iki dəfə Baş Assambleya yox, bir dəfə Konqres keçiriləcək. Artıq FIE-nin icraçı-direktoru Natali Rodriges paytaxtımızdadır. Bu gün qurumun baş katibi Bakıya təşrif buyuracaq. Baş Assambleyada ən önəmli məsələlərdən biri təqvim-planın dəyişdirilməsi ilə bağlıdır. Yəni, gələcəkdə yarışların sayı azaldıb, keyfiyyəti isə artırılacaq”.

Ramin Məmmədovun sözlərinə görə, Bakıdakı dünya çempionatı iştirakçıların sayı baxımından rekord vurub: “Yarışa 87 ölkədən 1565 qılıncoynadan qatılacaq. İrlandiyada gerçəkləşmiş son dünya çempionatında isə 80 ölkənin 1068 idmançısı iştirak edirdi. Başqa sözlə, paytaxtımızda keçiriləcək dünya çempionatında rekord qeydə alınıb ki, bu da bizi sevindirməyə bilməz”.
0