Azərbaycan siyasətinin idmançıları - SORĞU
30.03.2010 - 13:39
Azərbaycan siyasətinin idmançıları - SORĞU
Dünyanın bir sıra siyasətçiləri idmanla məşğul olur. Siyasətçilərin siyasətdən kənar hobbi və məşğuliyyətlərinin olması hər kəsə bəllidir. Biz bu yazımızda Azərbaycan siyasətçilərinin hansı idman növləri ilə məşğul olmasını və yaxud vaxtilə hansı idmana maraq göstərdiklərini araşdıracağıq.

Müsavat Partiyasının başqanı İsa Qəmbər uşaqlıq və gənclik illərində bir sıra idman növlərinə maraq göstərib. Partiya başqanı basketbol ilə məşğul olub, futbolla isə maraqlanıb. Bundan başqa, o, oxuduğu məktəbin voleybol yığmasında da oynayıb. Gəncliyində stolüstü tennisi də çox sevən İ. Qəmbər akademiyada çalışan zaman iş yoldaşları ilə tennis yarışlarına qatılıb. Eyni zamanda şahmata marağı olan Müsavat başqanı Azərbaycanda fəaliyyət göstərən siyasətçilərdən şahmatda onun qarşısına çıxa biləcək şəxsin olmadığını düşünür.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə futbola və şahmata xüsusi maraq göstərir. O, adıçəkilən idman növləri üzrə gəncliyində hətta dərəcə də alıb.

Açıq Cəmiyyət Partiyasının keçmiş sədri Akif Şahbazov gənc yaşlarında yüngül atletika, daha dəqiqi, qaçışla məşğul olub. Bu idman növündə dərəcə alan keçmiş sədr bir sıra yarışlara da qatılıb. O, hazırda hər hansı idman növü ilə məşğul olmur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə üzgüçülüyə maraq göstərir. Gənc yaşlarından bu idman növü ilə məşğul olan partiya sədri vaxt tapanda indi də üzgüçülük edir.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bir neçə idman növünə - şahmat, güləş, futbol, voleybol kimi idman növlərinə maraq göstərir və gəncliyində bu idmanlarla məşğul olub. F.Mustafa hazırda futbolla məşğul olur. O, Milli Məclisin futbol komandasının üzvüdür.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bir çox idman növlərini, xüsusilə də güləşi yüksək səviyyədə bacarır. Hazırda bu idman növü ilə məşğul olmayan E.Məmmədov əsasən uşaqlıq və gənc yaşlarında bu idmana meyl edib. Onu da bildirək ki, E.Məmmədov 1992-1997-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. Hazırda partiya lideri üzgüçülüklə məşğuldur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə şərq idman növlərinə meyl göstərir. Hazırda idmanla məşğul olmasa da, AXCP sədri vaxtilə Kun Fu döyüş idmanı ilə məşğul olub və bu sahəni kifayət qədər mənimsəyə bilib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da vaxtilə idmanla məşğul olan siyasətçilərdəndir. O, cavanlıqda yüngül və ağır atletika ilə məşğul olub.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə gəncliyində sərbəst güləş üzrə mütəxəssis olub. Amma məşqlər zamanı onun sinə sümüyündə çat yaranıb. Buna görə də o idmana əlvida deməli olub. Hazırda isə Ə.Oruc şahmat və nərdlə məşğul olur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu idmana xüsusi həvəsi olmayan şəxslərdəndir. Buna görə də o hər hansı idman növü ilə məşğul olmayıb. Buna baxmayaraq, həkim olaraq o, sağlamlığının qeydinə qalmaq üçün bəzən yüngül atletika, gimnastika ilə məşğul olur.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı gəncliyində bir sıra idman növləri ilə maraqlanıb və bu maraq bu gün də qalır. Gəncliyində yüngül atletika, voleybolla məşğul olan partiya sədri tennis, güləşə də meyl göstərib. Hazırda isə o vaxt olanda üzgüçülüklə və bilyard oynamaqla məşğul olur.

Gəncliyində güləşlə məşğul olan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin hazırkı çəkisi ona bu idmanı davam etdirməyə imkan vermir.

Millət vəkili Pənah Hüseyn idmanla xüsusi bir peşə kimi məşğul olmasa da maraq göstərdiyi idman növləri var. O, tələbəlik illərində sambo ilə məşğul olub və bir neçə dəfə yarışlara da qatılıb. Və onların birində 3-cü yeri tutub.

Digər millət vəkili Arzu Səmədbəyli gəncliyində sərbəst güləşlə məşğul olub. Təxminən 10 il bu idmanla məşğul olan millət vəkili boks və futbola da maraq göstərir. Hazırda isə o yalnız səhərlər bir qədər qaçmağa imkan tapa bilir.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov da həmkarları kimi idmanla əsasən gənc vaxtlarında məşğul olub. Voleybol üzrə məktəblərarası yarışlara qatılan H. Kərimov ali məktəbdə oxuyanda da bu idmanla məşğul olub. Hazırda da voleybolla məşğul olmağa vaxt tapan Ali Məclis sədri özünü bu idmanda peşəkar hesab edir.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bütün idman növlərini sevsə də, özünü yalnız şahmatda peşəkar hesab edir. Yeniyetmə vaxtı Azərbaycanda yeniyetmələr arasında keçirilən şahmat yarışında çempion olan E. Namazov həmçinin, 6 il Şahmat Federasiyasına rəhbərlik edib. O, hazırda da şahmatla məşğul olur.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə idmanın üzgüçülük növünə üstünlük verir və hətta gənc yaşlarında bu idman növü üzrə birincilik dərəcəsi də alıb. O, hazırda da üzgüçülüklə məşğul olur.

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə isə gənc yaşlarında karate ilə məşğul olub. Yaşının artmasına baxmayaraq, partiya sədri hazırda da bəzən kimano geyinir.

Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli yüngül atletika, velosiped sürmək, AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov uşaqlıqda güləşlə, Müsavat Divanının üzvü Vurğun Əyyub futbolla, politoloq Zərdüşt Əlizadə üzgüçülüklə məşğul olub.

Dünyanın aparıcı siyasi liderləri də idmanla məşğul olurlar. ABŞ prezidenti Barak Obama, Rusiyanın keçmiş prezidenti Yeltsin yaxşı tennis oynayır. Rusiyanın baş naziri Vladimir Putin isə cüdoçudur. Bir müddət əvvəl isə Fransanın ekologiya naziri Şantal Juanno 40 yaşında karate üzrə ölkə çempionu olub.
0