Qarik Tsarukyan: Medal qazana bilməsəz, Bakıda qalın!
05.04.2010 - 17:59
Qarik Tsarukyan: Medal qazana bilməsəz, Bakıda qalın!
“Bakıdakı dünya çempionatında təkcə özünüzü yox, həm də bütün erməni xalqı uğrunda döyüşəksiniz. Əgər kiminsə şübhəsi varsa, Bakıya getməsə yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Qarik Tsarukyan deyib.

Aprelin 20-də Bakıda boks üzrə gənclər arasında startı veriləcək dünya çempionatına hazırlaşan yığmasının heyəti ilə bu gün görüşən MOK prezidenti onlara xeyir-dua verib. Gənc idmançılardan ruh yüksəkliyi ilə bağlı müsbət cavab alan Tsarukyan paytaxtımızda üç il öncəki məsul turniri yada salıb: “Siz Bakıda dünya çempionatında iştirak edəcək ilk erməni idmançılar deyilsiniz. Bizim güləşçilər 2007-ci ildə orada çıxış edib. Həmin vaxt Ermənistan bayrağı Bakıda yüksəlmişdi. Onu bilin ki, siz layiqli çıxış etmək və Ermənistan xalqının şərəfinin yerə düşməməyi üçün hər şey etməlisiniz”.

Tsarukyan Bakıda 6 boksçu ilə təmsil olunmalarını təsadüfi saymır: “Biz yarışlara 15-17 idmançı sifariş etmək niyyətində deyilik. Burada ən yaxşılar təmsil olunub. Onlar əhəmiyyətli uğura nail ola bilərlər. Sizə qələbələr arzulayıram”.

Gənclər yığmasının baş məşqçisi Derenik Voskanyan turnirdə hazırlıq haqda qısaca danışan zamanı Tsarukyan zarafatca bunu deyib: “Əgər Azərbaycanda medal qazana bilməsiniz, geri qayıtmaya bilərsiniz. Komandanın nə dərəcə yaxşı hazır olması yalnız Bakıda görünəcək”.