Milli komandamızın legioneri qovuldu
17.05.2010 - 12:00
Milli komandamızın legioneri qovuldu
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının heyətində yer alan koreyalı legioner Hi Sonq Li komandadan qovulub. Bu barədə məlumatı apasport.az saytına yığma komandamızın baş məşqçisi Ələkbər İmaməliyev bildirib.

İmaməliyev qeyd edib ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı son vaxtlar zəif təsir bağışladığından və bu çəkidə yerli idmançılara belə uduzması onun komandadan kənarlaşdırılması ilə nəticələnib: “Avropa çempionatına aparılacaq heyətdə Hi Sonq Li də yer almışdı. Lakin Sankt-Peterburqa yollanarkən onu Vasif Qurbanovla əvəz etdik. Bu əvəzləmə onlar arasında keçirilən döyüşdən sonra oldu. Mən bu idmançıya İranda iştirak etdiyimiz son yarışda da diqqət yetirmişdim. Əgər beynəlxalq turnirdə birinci döyüşdə məğlub olan legioner yerli idmançımızla baş-başa gələ bilmirsə, niyə onu Avropa çempionatına aparmalıyıq? Bundan əlavə, onu burada biz yetişdirməliyiksə, bu idmançı komandaya hansı xeyri verə bilər? Bu suallara məşqçilər korpusu ilə birgə cavab tapdıqdan sonra qərara aldıq ki, yerli idmançını yarışlara hazırlamaq ondan daha əhəmiyyətlidir. Bunun üçün rəhbərliklə də məsləhətləşdik və Hi Sonq Li öz vətəni - Koreyaya yola saldıq”.

Tahir HÜMMƏTOV