Dünya çempionumuz titulunu qoruya bilmədi
28.05.2010 - 12:40
Dünya çempionumuz titulunu qoruya bilmədi
Budapeştdə yaşı 30-dan yuxarı usta cüdoçular arasında II dünya çempionatının ilk günü arxada qalıb. Apasport.az saytının xəbərinə görə, 3 gün davam edəcək yarışın ilk gündə tatamiyə çıxan Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Belə ki, ölkəmizi qadın idmançıların mübarizəsində təmsil edən Zülfiyə Hüseynova (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz ilk görüşdə braziliyalı Rimidia Vieyra ilə qarşılaşıb. 2 dəqiqə 39 saniyəyə rəqibini ippona salan cüdoçumuz növbəti döyüşlərdə avstriyalı Sonja Hiermann və almaniyalı Danyela Rittmanna da eyni aqibəti yaşadıb. Nəticədə 3 görüşü 8 dəqiqə 19 saniyəyə başa vuran təmsilçimiz finalda Anke Pfeyferlə (Almaniya) qüvvəsini sınayıb. Rəqibinə 1 vazari və 1 yuko fəndi işlədən idmançımız dünya çempionu adına layiq görülüb.

Ondan fərqli, 90 kq kişilərin yarışında mübarizə aparan Fərhad Rəcəblinin bu dəfə də finalda bəxti gətirməyib. O, həlledici görüşdə fransalı Həmid Kerrouma məğlub olaraq, gümüş mükafatla kifayətlənib. Usta cüdoçumuz finala kimi Aleksandros Sampris (Yunanıstan), Pyer Formet (Fransa), İqor Zinovkin və Mixail İliniçə (hər ikisi Rusiya) qalib gəlib.

Qeyd edək ki, ötən il Almaniyada keçirilən çempionatda Fərhad Rəcəbli finalda Kanada idmançısı Robert Anqusa qalib gələrək birinci olmuşdu. Zülfiyə Hüseynova isə ikinci yeri tutmuşdu.