“32”lər: Çilavertin dünyaya tanıtdığı yığma
29.05.2010 - 23:01
“32”lər: Çilavertin dünyaya tanıtdığı yığma
13 gündən sonra dünya çempionatının final mərhələsinin startı veriləcək. Mundialın iştirakçılarını öz oxucuları ilə tanış edən apasport.az saytı bu dəfə Paraqvay yığmasını təqdim edir. Planetin ən məhsuldar qapıçılarından biri olan Xose Luis Çilavertin həmvətənləri DÇ-də sürprizə imza atmaq üçün növbəti cəhdini edəcək. Paraqvay daha çox cərimə zərbələrinin mahir ifaçısı olan bu qapıçı ilə tanınıb.

Dosye
Federasiya: Asociacion Paraguaya de Futbol (Paraqvay Futbol Assosiasiyası)
Federasiya prezidenti: Xuan Anhel Napout
Yaranma tarixi: 1906
1925-ci ildən FİFA, 1921-ci ildən CONMEBOL-un üzvüdür.
Ləqəbi: Quarani, La Albiroyya
Rəngləri: qırmızı, ağ və göy
Baş məşqçi: Xerardo Martino
Tarixinin ilk oyunu: Argentina 1:5 (1919-cu il)
Yığmada ən çox oyun keçirənlər: Karlos Qamarra (110), Roberto Akunya (97), Denis Kanisa (90)
Yığmada ən çox qol vuranlar: Xose Kardoso (25), Roke Santa-Krus (20), Saturnino Arrua, Xulio Sesar Romero (13)
Məşhur oyunçuları: Xose Luis Çilavert, Karlos Qamarra, Selso Ayala, Fransisko Arse, Xose Kardoso, Migel Anhel Benites, Santa-Krus, Nelson Valdes, Xorxe Luis Kampos, Roberto Akunya, Kanisa, Roberto Fernandes, Arrua, Romerito

Nailiyyətləri
Tarixində 8-ci dəfə mundialın final mərhələsində oynayacaq Paraqvay yığması indiyədək bu yarışlarda ciddi uğur qazana bilməyib. Quaraninin ən böyük uğuru qitə birincilikləri ilə bağlıdır. Onlar 31 il əvvəl Cənubi Amerika çempionu adını qazanıblar. 2004-cü ildə isə La Albiroyya olimpiya oyunlarının finalınadək irəliləyib gümüş mükafata sahib olub.

DÇ-yə gedən yol
CAR-a vəsiqə üçün Cənubi Amerikanın bütün komandaları ilə görüşən Paraqvay yığması uğurlu çıxış edə bildi. Peru (0:0, 1:0), Uruqvay (1:0, 0:2), Ekvador (5:1, 1:1), Çili (3:0, 0:2), Braziliya (2:0, 1:2), Boliviya (2:4, 1:0), Argentina (1:1, 1:0), Venesuela (2:0, 2:1), Kolumbiya (1:0, 0:2) kimi rəqiblərlə mübarizə Albiroyya üçün çox yaxşı başladı. Birinci dövrədən sonra liderliyi ələ keçirən paraqvaylılar ikinci yarıda uğursuzluq zolağına düşdü. Ardıcıl 3 matçda 1 xal toplayan Martinonun yetirmələri zirvəni, son turda öz meydanlarında Kolumbiyaya uduzmaqla ikinci yeri də əldən verdilər. Buna baxmayaraq, paraqvaylılar Braziliya ilə şəxsi oyunlarda onlardan üstün olmağı bacardı.

Vur qabağa
Paraqvay milli komandasının çox sadə oyun üslubu var. Daha çox praqmatik oyuna üstünlük verən cənubi amerikalılar kütləvi surətdə müdafiə olunmağı, imkan olan kimi topu qabağa vurub sürətli əks həmlə təşkil etməyi ilə seçilir. Martino bu “vur qabağa” prinsipinin əla mexanizm kimi işləməsinə nail ola bilib. Müdafiədə mütəşəkkil oynayan komanda əks hücum zamanı topu əldən vermir, həmləsini sona çatdırmağı bacarır. Mütəxəssis komandanın lideri Santa Kruz zədələnərək sıradan çıxdığı vaxtda da bu üsluba sadiq qaldı. Bu səbəbdəndir ki, Albiroyya meydana adətən 4-4-2 taktiki sxemi ilə çıxır.

Oyunlarının təqvimi
14.06.2010 İtaliya
20.06.2010 Slovakiya
24.06.2010 Yeni Zelandiya

Mundial iştirakçısı və biz
Azərbaycan və Paraqvay futbolunun yeganə ortaq təması İsrael Rodrigeslə bağlıdır. Komandaları ilə heç vaxt qarşılaşmadığımız ölkəni təmsil edən hücumçu 2007-ci ilin yayında “Bakı”ya transfer olunmuşdu. Özünü göstərə bilməyən paraqvaylı qışda “Standard”a keçsə də, bu klubda da uzun müddət qalmayaraq 2008-ci ilin yayında vətəninə döndü.

Apasport.az-ın proqnozu: 1/8 final.

Vüqar XEYRULLAYEV