“Fillər” Ronaldonu tapdalamaq istəyir
01.06.2010 - 10:34
“Fillər” Ronaldonu tapdalamaq istəyir
Dünya çempionatının startına 10 gün qalıb. Yarış iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı bu dəfə oxucularına Afrikanın ən bəxtsiz yığmalarından sayılan Kot d`ivuarı təqdim edir. CAR-da keçiriləcək yarışda mübarizə aparacaq qara qitə təmsilçiləri arasında bəlkə də ən güclü sayılan, lakin ən arzuolunmaz qrupa düşən bu yığma Braziliya və Portuqaliya kimi nəhənglərlə eyni qrupda mübarizə aparacaq.

Dosye
Federasiya: Fédération Ivoirienne de Football (Kot d`ivuar Futbol Federasiyası)
Federasiya prezidenti: Jake Anuma
Yaranma tarixi: 1960
1961-ci ildən FİFA, 1960-cı ildən CAF-ın üzvüdür.
Ləqəbi: “Fillər”
Rəngləri: narıncı-ağ-yaşıl və yaşıl-ağ
Tarixinin ilk oyunu: Daqomeya (indiki Benin) 3:2 (1960-cı il)
Yığmada ən çox oyun keçirən: Didye Zokora (78)
Yığmada ən çox qol vuran: Didye Droqba (43)
Baş məşqçi: Sven Yoran Eriksson
Məşhur oyunçuları: Droqba, Kolo Ture, Yaya Ture, Zokora, Ebue, Salomon Kalu

Nailiyyətləri
“Fillər” dünya çempionatları üçün yeni ad sayılır. Yalnız 4 il əvvəl mundialda debüt edən afrikalılar tarixlərində ikinci dəfə belə böyük turnirə qatılır. Qitə birinciliklərində isə iki dəfə finala çıxan kot d`ivuarlılar 18 il əvvəl yeganə çempionluğunu bayram edib. 2006-cı ildə isə onlar gümüş medalla kifayətlənib.

DÇ yolunda
Seçmə mərhələyə ikinci raunddan başlayan fillər Mozambik (1:0, 1:1), Madaqaskar (0:0, 3:0), Botsvana (1:1, 4:0) yığmaları ilə mübarizə aparırdı. Ev matçlarında qələbələri, səfərdə heç-heçləri sıralayan yığma qrup qalibi kimi üçüncü seçmə mərhələyə yüksəldi. Burada Malavi (5:0, 1:1), Qvineya (1:2, 3:0), Burkina Faso (3:2, 5:0) komandaları da fillərin “ayağı altında qaldı”.

Cinahların ümidində
Artıq neçə vaxtdır 4-3-3 sxeminə sadiqliyi ilə seçilən üçrənglilərin aşkar lideri Droqba sayılır. Təbii ki, Eriksonun sərəncamında Turelər, Kalu, Keyta kimi futbolçuları da unutmaq olmaz. Üç dayaq yarımmüdafiəçisi ilə oynayan afrikalılar meydanın mərkəzində fil səddi qurur. Düzdür, belə sistem cinahların sürətli oyununa ehtiyac duyur. Kot d`ivuarlılar isə bunu bacarır. Lakin bu sistem özünü çox güclü rəqiblərlə oyunlarda özünü doğrultmalıdır. Axı Droqba və həmyerliləri artıq ilk iki oyunda CAR-a mükafat ardınca gələn Braziliya və Kriştianu Ronaldonun yer aldığı Portuqaliya ilə görüşəcək.

Oyunlarının təqvimi
15.06.2010 Portuqaliya
20.06.2010 Braziliya
25.06.2010 KXDR

“Karvan”ın “bombası”
Azərbaycan və Kot d`ivuar komandaları indiyədək heç vaxt üz-üzə gəlməyib. Lakin “fillər”in nümayəndələri ayrı-ayrı vaxtlarda klublarımızın şərəfini qoruyub. Onların əksəriyyəti ölkəmizdə uğurlu çıxış etsə də, birinin nailiyyətləri digərlərini kölgədə qoyub. 2005-ci ilin yazında “Karvan”ın Azərbaycan üçün kəşf etdiyi Yakuba Bamba Yevlax təmsilçisində demək olar ki, hər şey qazandı. Fillər yığmasında 30-dan artıq oyun keçirən və yaşı 30-a çatdıqda ölkəmizə üz tutan legioner burada əvvəl bürünc, sonra gümüş mükafat qazandı, kubokun finalçısı oldu. Son iki uğurun qazanıldığı 2005/06 mövsümündə o, çempionatımızın ən yaxşı bombardiri adını qazandı. Sonradan “Xəzər-Lənkəran”a keçən hücumçu orada “sönüb” yenidən Yevlaxa döndü. Bamba Azərbaycan çempionatlarında 76 oyuna 37 qol vurmaqla çempionatımızın ən məhsuldar afrikalısıdır.

Apasport.az-ın proqnozu: qrupda III yer.

Vüqar XEYRULLAYEV