Mundialın ən qəribə yığması: Futbolçulara pulsuz müsahibə vermək qadağandır!
01.06.2010 - 10:43
Mundialın ən qəribə yığması: Futbolçulara pulsuz müsahibə vermək qadağandır!
Çili yığması DÇ-2010-un ən qəribə komandası olmağa əsas namizəddir. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis Marselo Byelsanın baş məşqçisi olduğu yığma mundialın startına az qalmış dünyanı təəccüb edən hərəkətləri ilə diqqət mərkəzinə düşüb.

Əvvəla, xeyli müddətdir “ağılsız” ləqəbi ilə tanınan Byelsa komandasına bir gündə iki yoldaşlıq görüşü keçirib. Belə ki, müxtəlif şəhər stadionlarında keçən Şimali İrlandiya və İsrail yığmaları ilə oyunlar 6 saat fərqi ilə başlayıb. Özü də Çilyan və Kompanson şəhərləri bir-birinə yaxın olduğundan, azarkeşlər rahatca bir şəhərdən o birinə vaxtında çata bilib. Hər iki görüşdə qalib gələn Byelsanın komandası Şimali İrlandiyanı 1:0, İsraili 3:0 hesabı ilə yenib. Baş məşqçi qərarını belə izah edib: “Bizim hər mövqeyə iki futbolçumuz var. Hər futbolçunun eyni dərəcədə yüklənməyə ehtiyacı var. Buna görə bir gündə iki oyun keçirməyi qərara aldıq”.

Taktiki düşüncələrdə novator sayılan Byelsa mindialda Avropada artıq yaddan çıxan düzülüşlə çıxış etmək fikrindədir. Belə ki, 54 yaşlı çalışdırıcı 3 müdafiəçi və 3 hücumçulu oyun sxeminə böyük rəğbət göstərməsi ilə tanınır. Avropada isə indi heç bir komanda bu taktika ilə oynamır.

Çilililərin digər qəribəliyi futbolçuların mətbuatla münasibəti ilə bağlıdır. Məsələ ondadır ki, ölkənin futbol federasiyasının prezidenti Harold May-Nikolls mundial vaxtı oyunçuların eksklüziv müsahibə verməsinin pulla icazəli olduğunu bildirib: “Futbol şoudan heç bir şeylə fərqlənmir. Şouda da ulduzlara studiyaya gəlmələri üçün pul ödəyirlər. Bizdə də belə olacaq. Eksklüziv müsahibə istəyirsiniz, pul verin. Özü də bunun nağd olması vacib deyil”.

Argentina yığmasında baş məşqçi postunda fəaliyyəti ilə tanınan Byelsa öz qeyri-adi vərdişləri ilə jurnalistlərin gülüş obyektinə çevrilib. Heç vaxt müsahibə verməyən mütəxəssis həmkarlarımızla yalnız mətbuat konfranslarında ünsiyyət qurur: “Mən istəyirəm ki, bütün mətbuat məndən eyni informasiyanı alsın. İstər bu, regional qəzet, yaxud milli televiziya olsun”.