Dünyanın ən güclü yığması: Biz qələbədən doymuruq
02.06.2010 - 17:30
Dünyanın ən güclü yığması: Biz qələbədən doymuruq
Dünya çempionatının final mərhələsinin startına 9 gün qalır. CAR-da keçiriləcək mundial iştirakçıları ilə tanışlığı davam etdirən apasport.az saytı bu dəfə oxucularına Braziliya yığmasını təqdim edir. Əslində qatıldığı bütün yarışların favoriti olan pentakampeonların təqdimatına o qədər də ehtiyac yoxdur.

Dosye
Federasiya: Confederação Brasileira de Futebol (Braziliya Futbol Konfederasiyası)
Federasiya prezidenti: Rikardo Teyşeyra
Yaranma tarixi: 1914
1923-cü ildən FİFA, 1916-cı ildən CONMEBOL-un üzvüdür.
Rəngləri: sarı, göy, yaşıl
Ləqəbi: selesao, sarı bülbüllər, yaşıl-sarılar, samba kralları, pentakampeonlar
Baş məşqçi: Karlos Dunqa
Tarixinin ilk oyunu: Argentina 0:3 (1914-cü il)
Yığmada ən çox oyun keçirənlər: Kafu (142), Roberto Karlos (125), Klaudio Taffarel (101)
Yığmada ən çox qol vuranlar: Pele (77), Ronaldo (62), Romario (55)
Əfsanələri: Pele, Ronaldo, Qarrinça, Ziko, Zizinyo, Leonidas, Romario, Bebeto, Rivaldo, Roberto Karlos, Tonaldinyo, Kafu, Sokrates, Tostao, Zaqalo...

Nailiyyətləri
Braziliya bütün dünya çempionatlarının final mərhələlərində iştirak edən yeganə komandadır. 18-ci dəfə mundila yollanacaq sambaçılar hamıdan çox – 5 dəfə çempion titulunu qazanıb ki, bu da pentakampeon ləqəbinin yaranmasına səbəb olub. Lakin sarı bülbüllər 8 ildir daşıdıqları bu adı yenisi ilə əvəz etmək arzusundadır. Hər halda cənubi amerikalılar “heksakampeon” ifadəsini özlərinə daha münasib olduğunu düşünür. 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə planetin ən güclüsü olan yaşıl-sarılar 1950 və 1988-ci illərdə yalnız finalda uduzub. Braziliya yığması 8 dəfə (1919, 1922, 1949, 1989, 1997, 1999, 2004, 2007) qitə çempionu, 10 dəfə (1921, 1925, 1937, 1945, 1946, 1953, 1957, 1983, 1991, 1995) bu yarışın finalçısı olub.

DÇ yolunda
Cənubi Amerika zonasının seçmə turnirində çıxış edən sambaçılar 18 oyunluq marafonu zirvədə başa vurdu. Lakin bu, Dunqanın yetirmələrinə asan başa gəlmədi. Kolumbiya (0:0, 0:0), Ekvador (5:0, 1:1), Peru (1:1, 3:0), Uruqvay (2:1, 4:0), Paraqvay (0:2, 2:1), Argentina (0:0, 3:1), Çili (3:0, 4:2), Boliviya (0:0, 1:2), Venesuela (4:0, 0:0) yığmaları ilə mübarizə aparan komanda turnirə o qədər də yaxşı başlamadı. İlk iki səfər matçında xal itirən pentakampeonlar Paraqvay və Argentina ilə ardıcıl oyunlardan qolsuz və cəmi 1 xalla ayrıldı. Sonradan qələbələrlə mövqeyini yaxşılaşdıran sambaçılar ikinci dövrəyə də uğursuz başladı. İki heç-heçədən sonra qazanılan ardıcıl 5 qələbə isə artıq arxayınlığa səbəb oldu. Bunun nəticəsi idi ki, son 2 görüş cəmi 1 xal gətirdi. Lakin bu da birinci yerin qazanılmasına əngəl olmadı.

Bu Braziliya deyil!
Millinin azarkeşləri yığmalarının əvvəlki komanda olmamasından narazıdır. Tarixi boyu hücum futboluna üstünlük verən sambaçıların taktikasını dəyişən Dunqa nəticə verən maşın mexanizmi düzəldib. Keçilməz müdafiə və təhlükəli əks-hücumlar - braziliyalıların öyrəşmədiyi, lakin indiki nəticələri gətirən oyun üslubudur. Özü də komanda formalaşdıran Dunqa hər hansı oyunçu ilə bağlı qərarını dəyişməməsi ilə seçilir. Hər mövqeyə bir oyunçu müəyyənləşdirən mütəxəssis onun klubunda oynayıb-oynamamağına, bu klubun hansı çempionatda və necə oynamasına baxmayaraq, sonadək həmin futbolçuya etimad göstərirdi. Praqmatik, ehtiyatlı, səliqəli futbol oynayan yığma əvvəlki kimi rəqibini əzib keçmir, amma dəqiq plan üzrə irəli hərəkət edir. Üstəlik, bu planı həyata keçirə bilən ifaçılar da Dunqanın sərəncamındadır. Ölkələrində ən böyük narazılıq yaradan isə mütəxəssisin böyük ulduzların üzünə millinin qapıları bağlamasıdır. Ronaldinyo, Ronaldo, Adriano və Pato kimi futbolçuları bəyənməyən məşqçinin hər hansı uğursuzluğunun məhz bu amillə əsaslandırılacağı gözlənilir. Hər halda, çempionluqdan başqa istənilən nəticəni bəyənməyən braziliyalılar sevimli futbolçularının yoxluğunu yalnız qızıl medal qazanılacağı halda unudacaq.

Oyunlarının təqvimi
15.06.2010 KXDR
20.06.2010 Kot d’ivuar
25.06.2010 Portuqaliya

Mundial iştirakçısı və biz
Azərbaycan və Braziliya komandaları tarixləri ərzində heç vaxt görüşməyiblər. Lakin yüzlərlə sambaçı ayrı-ayrı vaxtlarda klublarımıza dəvət olunub. Onların bir qismi baxışdan geri qaytarılıb, bəziləri ilə anlaşma baş tutmayıb, müəyyən hissəsinin Azərbaycan karyerası 1 və ya bir neçə oyundan ibarət olub. Lakin onlarla braziliyalı çempionatımızda nəyə qadir olduğunu göstərə bilib. Onlar dəfələrlə Azərbaycan çempionatının mükafatlarını və ölkə kubokunu qazanıblar. Bu legionerlərdən 5-i milliləşərək yığmamızın formasını geyib. Leandro Qomeş 18, fabio Luis Ramim 14 (4 qol), Ernani Pereyra 12, Andre Ladaqa 11 (1 qol) və Markus Fereyra 2 matçda Azərbaycan milli komandasının formasını geyib. Qomeş həm də çempionatlarımızda ən çox qol vuran (41) ikinci legionerdir.

Apasport.az-ın proqnozu: çempionluğa əsas namizədlərdən sayılır. Minimum yarımfinalda oynamalıdır.

Vüqar XEYRULLAYEV