Mundialın “ağsaqqallar”ı
02.06.2010 - 18:04
Mundialın “ağsaqqallar”ı
Dünya çempionatının ən “qoca” futbolçusu müəyyənləşib. Apasport.az saytının hesablamalarına görə, mundialda iştirak edən 32 komandanın yarışa apardığı 736 futbolçudan ikisi bu il 40 yaşını qeyd edəcək. Turnirin ən yaşlısı isə İngiltərə milli komandasının qapıçısı Devid Ceymsdir. “Portsmut” klubunda çıxış edən veteran avqustun 1-də 40-cı ad gününü qeyd edəcək. Ondan cəmi 80 gün kiçik olan Sandor Boşker isə Hollandiya yığmasının şərəfini qoruyur. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun ehtiyatda oturduğu “Tvente”nin “ağsaqqal” qapıçısı mundialın ikinci yaşlısıdır. Bu göstəricidə üçüncü olan futbolçu da qapıçıdır. Bu, həmkarlarından iki yaş kiçik olan ABŞ-lı Markus Hannemandır.

1. Devid Ceyms
təvəllüdü: 01.08.1970
Klubu: “Portsmut” Ingiltərə
Milli komandası: İngiltərə

2. Sandor Boşker
Təvəllüdü: 20.10.1970
Klubu: “Tvente” Hollandiya
Milli komandası: Hollandiya

3. Markus Hanneman
Təvəllüdü: 15.06.1972
Klubu: “Vulverhempton” İngiltərə
Milli komandası: ABŞ

Dünya çempionatında ən yaşlıların qapıçı olması daha bir sual üzə çıxarır. Bu, ən “qoca” sahə oyunçusunun kimliyi ilə bağlıdır. Hər halda, qapıçıdan fərqli olaraq, digər futbolçular yaşının keçmiş dövründə də meydanda qaçmalı olurlar. Belələri arasında ən böyük isə Kuatemok Blankodur.

Kuatemok Blanko
Təvəllüdü: 17.01.1973
Klubu: “Verakrus” Meksika
Milli komandası: Meksika