Yığmamızın rəqibinin baş məşqçisi proqnozunu verdi
03.06.2010 - 11:04
Yığmamızın rəqibinin baş məşqçisi proqnozunu verdi
Sabah Rusiyanın paytaxtı Moskvada start götürəcək boks üzrə Avropa çempionatında ev sahibləri ən azı 8 medal qazanacaqlarını proqnozlaşdırırlar. Apasport.az saytının məlumatına görə, bu proqnozu komandanın baş məşqçisi Nikolay Xromov verib.

Rusiya mətbuatına müsahibə verən Azərbaycan milli komandasının əsas rəqibinin çalışdırıcısı Xromov hətta həmkarlarımızla zarafat da edib: “Mən 9 qızıl medal qazanacağımızı da deyə bilərəm. Lakin buna real yanaşmayın. Çünki bu nəticəni qazanmaq hələ tezdir. Ancaq minimum 8 medala ümid edirik. Onlardan 4-nün qızıl, 2-nin gümüş və 2-nin bürünc olacağını gözləmək olar”.

Baş məşqçi Avropa çempionatına London Olimpiadasına hazırlığın bir mərhələsi kimi baxır: “Biz Avropa çempionatı ilə bərabər növbəti Olimpiya Oyunlarına da hazırlıq planı üzərində işləyirik. Artıq London-2012-yə 2 il qalıb. Moskvada keçirilən qitə birinciliyi isə möhtəşəm yarışa hazırlığın əsas mərhələsidir”.

Xromov Rusiya gələcək komandaların içərisində İtaliya və Ukrayna boksçularının daha güclü olduğu qənaətindədir: “İtaliyalılar Moskvaya aparıcı idmançıları ilə gəlirlər. Onlar arasında 2007 və 2009-cu illərdə keçirilən dünya çempionatlarının qalibi, Pekin-2008-in ən güclüsü Roberto Kammarelle (+91 kq), son dünya çempionu Domeniko Valentino (60 kq), Pekin-2008-in gümüş mükafatçısı Klemento Russo (91 kq) və bürünc medalçısı Vinçenso Pikardi (51 kq) yarışın favoritlərindəndir. Apennin təmsilçiləri ilə bərabər Ukrayna komandası da əsas rəqiblərdən hesab olunur. Ukraynalılar bir çox çəkilərdə medallara iddialıdır”.

Qeyd edək ki, iyunun 4-13-də Moskvanın “Meqasport” arenasında keçiriləcək Avropa çempionatında Rusiya millisinin şərəfini David Ayrapetyan (48 kq), Mişa Aloyan (51 kq), Eduard Abzalimov (54 kq), Sergey Vodopyanov (57 kq), Albert Səlimov (60 kq), Aleksandr Solyanikov (64 kq), Andrey Zamkovoy (69 kq), Artyom Çebotarev (75 kq), Artur Beterbiyev (81 kq), Yeqor Mexonçev (91 kq) və Sergey Kuzmin (+91 kq) qoruyacaqlar.