“32”lər: Dünyanı fəth etməyə gedən Avropa çempionları
05.06.2010 - 23:01
“32”lər: Dünyanı fəth etməyə gedən Avropa çempionları
Beş gündən sonra – iyunun 11-də dünya çempionatının final mərhələsinin startı veriləcək. Yarış iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı bu gün tanışlığı başa çatdırır. Sonuncu təqdim olunan yığma dünya kubokuna bir nömrəli namizədlərdən sayılan İspaniya yığmasıdır. FİFA reytinqində birinci olan son Avropa çempionatının qalibləri yenə qızıl “ov”una çıxıb.

Dosye
Federasiya: Real Federación Española de Fútbol (İspaniya Kral Futbol Federasiyası)
Prezidenti: Anhel Mariya Vilyar
Yaranma tarixi: 1909
1913-cü ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: La Furiya Royya (Qırmızı qəzəb)
Rəngləri: qırmızı və göy
Baş məşqçi: Visente del Boske
Tarixinin ilk oyunu: Danimarka 1:0 (1920-ci il)
Yığmada ən çox oyun keçirənlər: Andoni Subisarreta (126), Raul Qonsales Blanko (102), İker Kasilyas (101)
Yığmada n çox qol vuranlar: Raul Qonsales Blanko (44), David Vilya (36), Fernando Yerro (29)
Məşhur oyunçuları: Samora, Yerro, Di Stefano, Butragenyo, Luis Suares, Miçel, Subisarreta, Qvardiola, Abelardo, Raul Qonsales, Ursais, Xento, Xose Santamariya, Telmo Sarra, Luis Enrike, Qordilyo, Kamaço, Amor, Arkonada, Kubala, Nadal, Kini, Kasilyas, Salinas, F.Torres, Lanqara, Gerrero, Pirri, Moryentes, Vilya, Xavi, İnyesta, Silva, Puyol...

Nailiyyətləri
Tarixində 13-cü dəfə mundiala yollanacaq ispaniyalılar 1978-ci ildən fasiləsiz bu yarışın iştirakçılarıdır. Lakin heç vaxt böyük uğur əldə etməyən pireneylilər ən yaxşı halda 4-cü yerlə kifayətlənib. Bu da 60 il əvvələ təsadüf edib. Qitə birinciliklərində daha uğurlu çıxış edən qırmızılar 3 dəfə final oyununda meydana çıxıb. 1964 və 2008-ci illərdə çempion olan İspaniya millisi 1984-cü ildə hazırkı UEFA prezidenti Mişel Platininin oynadığı Fransaya uduzub. 1992-ci ildə Barselona Olimpiadasının qalibi olan pireneylilər 1920 və 2000-ci illərdə gümüş medal qazanıblar.

DÇ yolunda
Avropa zonasının 5-ci seçmə qrupunda mübarizə aparan qitə çempionları mundiala 100 faizli nəticə ilə vəsiqə qazandı. Bosniya və Herseqovina (1:0, 5:2), Ermənistan (4:0, 2:1), Estoniya (3:0, 3:0), Belçika (2:1, 5:0) və Türkiyə (1:0, 2:1) yığmalarından heç biri Del Boskenin yetirmələrinə ciddi müqavimət göstərə bilmədi. Məhsuldar oyun göstərən ispanlar isə ilk 8 qarşılaşmada cəmi 2 top buraxdılar. Birinci yer təmin olunduqdan sonra isə şouya meyl göstərmələri daha 3 topun buraxılmasına səbəb oldu.

Rəqibi boğmaq istəyən komanda
Baş məşqçi postunda Avropa çempionu Luis Araqonesi əvəzləyən Del Boske düzgün addım ataraq taktikanı dəyişməz saxladı. Pireney təmsilçisinin güvəndiyi 4-4-2 sxemi bu üslubun ispan modelini tərənnüm edir. Yəni yığma 2 deyil, 1 dayaq yarımmüdafiəçisi ilə mübarizə aparır. Digər 3 orta sahə oyunçusu isə hücuma meylli, yaradıcı işlə məşğul olur. Təcrübəli mütəxəssisin bu müdrik addımı sayəsində matçın gedişində əvəzetməyə əl atmadan oyunu dəyişmək mümkündür. Yəni istənilən an eyni 11-lik 3 və ya 1 hücumçulu sistemə keçə bilir. Ümumilikdə isə qırmızıların oyun tərzi çox sadədir: rəqibə heç bir şans verməyib, hücum dalğası ilə onu boğmaq.

Oyunlarının təqvimi
16.06.2010 İsveçrə
21.06.2010 Honduras
25.06.2010 Çili

Mundial iştirakçısı və biz
İspaniya və Azərbaycan komandaları indiyədək 3 dəfə üz-üzə gəlib. 2006/07 və 2009/10 mövsümlərinin qitə birinciliklərinin ikinci seçmə mərhələlərindəki qarşılaşmalar eyni hesabla başa çatıb. Həm Arif Əsədovun, həm də Bernard Lippertin yetirmələri qırmızıların 4 qoluna üzülüb. Ölkəmizin əsas yığmasının taleyi isə daha acınacaqlı olub. Ötən yay Konfederasiyalar Kuboku ərəfəsində Bakıya gələn Del Boskenin yetirmələri Respublika stadionuna toplaşan azarkeşləri gözəl oyundan zövq almaq xoşbəxtliyi bəxş etdi. Həmin matçda üçünü David Vilya olmaqla, qonaqlar 6 cavabsız qola sevindi.

Primera tarixinə düşən azərbaycanlı
İndiyədək ispan futbolçu və məşqçilər ölkəmizə gəlməsə də təmsilçilərimiz arasında Pireneydə çıxış edən tapılıb. Vladislav Lemişin karyerası yalnız aşağı dəstə ilə bağlı olubsa, Vəli Qasımov İspaniya çempionatının bürünc mükafatını da qazanıb. 1993-cü ilin əvvəlində “Betis”də peyda olan azərbaycanlı il yarım oynadığı aşağı dəstədə 39 matça 9 qol vurur. 1994/95 mövsümündə Primerada çıxış edən komandası bürünc medal qazanır. Həmin çempionatda Vəli 3 qarşılaşmanın iştirakçısı olub. Növbəti çempionatda “Albasete”də oynayan Qasımov 22 oyuna 4 qol vurmaqla Primerada qol hesabını açıb. 1996/97 mövsümünü yenə aşağı dəstədə - bu dəfə “Esixe”də keçirən hücumçu daha 14 matça çıxıb.

Apasport.az-ın proqnozu: çempionluğa bir nömrəli namizəd.

Vüqar XEYRULLAYEV