Avropa çempionu: Amanovla döyüşdən əvvəl həyəcan keçirirdik
08.06.2010 - 14:29
Avropa çempionu: Amanovla döyüşdən əvvəl həyəcan keçirirdik
“Azərbaycan boksçusu Ramal Amanov qitədə güclülərdən hesab olunur. Onun 2005-ci ildə dünya çempionatının finalına kimi irəliləməsi də bunu sübut edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa çempionatında həmyerlimiz Ramal Amanova qalib gələn rusiyalı Albert Səlimovun şəxsi məşqçisi Nurupaşa Talıbov deyib.

Talıbov bildirib ki, Ramal Amanov yetirməsinə nisbətən təcrübəli olsa da, bu onun qələbəsinə kifayət etməyib: “Amanov 2007 və 2009 illərdə də analoji yarışlarda kifayət qədər təcrübə toplayıb. Düzdür, bir ara çəkisini dəyişərək 64 kq-da mübarizə aparsa da, yenidən 60 kq-a qayıtdı. Lakin bütün bunlara baxmayaraq, Albert Səlimov ilk döyüşdə inamlı qələbə qazandı – 15:2. O, rəqibinə heç bir şans vermədi. Rinqdə özünü sərbəst aparır, hesabda irəli olsa da, arxayınlaşmırdı”.

2002-ci ildə Avropa çempionu Timur Qaydarov da Ramal Amanov və Albert Səlimov arasındakı döyüşə münasibət bildirib: “Döyüşdən əvvəl həyəcan keçirirdik. İlk görüşdə təcrübəli boksçu ilə qarşılaşma onun üçün çətin ola bilərdi. Çünki Səlimov Olimpiadada bu halla üzləşmişdi. Ukraynalı Vasili Lomaçenko həmyerlimizə birinci görüşdəcə qalib gəlmişdi. Amma bu dəfə Albert özünü yaxşı tərəfdən göstərdi. Raundlarda səhvsiz döyüşərək növbəti mərhələyə vəsiqə qazandı”.