Azərbaycan boksçusu Avropa çempionatında ermənini məğlub etdi
10.06.2010 - 09:28
Azərbaycan boksçusu Avropa çempionatında ermənini məğlub etdi
Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyunun 4-də start götürən yarışda sabah yarımfinal görüşləri baş tutacaq. Bu mərhələdə Azərbaycan Elvin Məmişzadə (48 kq) ilə təmsil olunacaq.

Avropa çempionatına 1/4 final mərhələsindən başlayan həmyerlimiz ilk görüşündə Rusiyanı təmsil edən erməni əsilli David Ayrapetyana qalib gəlib. 5:3 hesabı ilə qələbə qazanan Məmişzadə yarımfinala yüksəlməklə, özü üçün ən pis halda bürünc medalı təmin edib. 1/2 finalda Ermənistan boksçusu ilə qarşılaşacaq ən yüngül çəkidəki təmsilçimiz bu dəfə də rəqibə yerini göstərərsə, qazanacağı medalın əyarını daha da yaxşılaşdıra bilər. Məmişzadə finala yüksələcəyi halda, Patrik Barnes (İrlandiya) və Joze de la Nieve Linares (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatına 11 boksçu ilə yollanan Azərbaycan yığmasının heyətində İlkin Ağayev (54 kq), Heybətulla Hacıəliyev (57 kq), Romal Amanov (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Ramazan Məhəmmədov (81 kq), Emil Məhərrəmov (64 kq), Rəşad Abdullayev (91 kq) və Fərid Paşayev (+91 kq) ilk mərhələdəcə mübarizəni dayandırıblar. Məhəmməd Abdulhəmidov (51 kq) isə növbəti mərhələyə yüksəlsə də, sənədləri qaydasında olmadığından yarışdan kənarlaşdırılıb.