Karlos Alberto Parreyra dünya futbolunun tarixinə düşür
10.06.2010 - 10:17
Karlos Alberto Parreyra dünya futbolunun tarixinə düşür
Tanınmış braziliyalı mütəxəssis Karlos Alberto Parreyra sabah dünya futbol tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2010-un təşkilatçısı Cənubi Afrika Respublikası (CAR) yığmasının baş məşqçisi olan Parreyra milli komandalara 6 mindialda rəhbərlik edən ilk məşqçi olacaq. Bu, Bakı vaxtı ilə saat 19:00-da Meksika yığması ilə açılış oyununda reallaşacaq.

67 yaşlı Parreyra 1967-ci ildən başlayan məşqçilik karyerasında altı yığmanı çalışdırıb. Bunlar öz yığması ilə yanaşı, Qana, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı milliləridir. Parreyra bunlardan yalnız Qana ilə mundial iştirakçısı olmayıb.

Onun ən böyük uğuru isə 1994-cü ildə Braziliya ilə ABŞ-da keçirilən dünya çempionatının qalibi olmasıdır. Son DÇ-də isə Braziliya Parreyranın rəhbərliyi altında uğursuzluqla üzləşərək, mübarizəni 1/4 finalda dayandırdı. İndi təşkilatçılar bir ildə 2,5 milyon avro verdiyi baş məşqçidən öz yığmaları ilə də uğur, heç olmada qrup mərhələsindən çıxmağı istəyir. Ancaq CAR-ın Fransa, Uruqvay və Meksika yığması ilə bir qrupa düşdüyünü nəzərə alsaq, bu, heç də asan məsələ deyil.

Parreyra isə çempionatda böyük uğursuzluğa düçar olacağı halda, mətbuatla münasibətdə onu nə gözlədiyini yaxşı bilir. Belə ki, o, sadəcə jurnalistləri içki məclisinə dəvət edəcək.

Qeyd edək ki, Parreyranın məşqçi kimi uğurları “Fənərbaxça” ilə Türkiyə (1996), “Fluminense” ilə Braziliya (1984) çempionluğu, “İnternasional”la (2002) Braziliya kuboku, yığması ilə Amerika Kubokunu (2004) və Konfederasiyalar Kubokunun (2005) qalibi olmasıdır.