Tarix təkrarlanır, yaxud başıbəlalı Fransa yığması
18.06.2010 - 16:18
Tarix təkrarlanır. Bu məşhur ifadəni futbolda da tez-tez eşidirik. Həmin təkrarlama uğurla da bağlı ola bilər, uğursuzluqda da. Ancaq nədənsə bu ifadə uğursuzluqda daha çox yada düşür. Artıq 8 gündür CAR-da keçirilən DÇ-2010 bu mənada istisna deyil. “Tarix təkrarlanır” deyəndə, Fransa yığmasının hazırkı və 8 il öncəki çıxışı arasında oxşarlığı nəzərdə tuturuq. Deyəsən, fransızlara dünya çempionatının finalına çıxmaq düşərli deyil. Belə olmasaydı, onlar mükafat qazandıqları mundialdan sonra hətta qrupdan çıxmaqda problemlə üzləşməzdi.
Hər şey Fransa yığmasının 1998-ci ildə dünya çempionu olmasından sonra başladı. Vətəndə keçirilən həmin mötəbər turnirin finalında son dünya çempionu Braziliyanı böyük hesabla yenən (3:0) “üçrənglilər” ilk dəfə Asiyada keçirilən yarışda fiaskoya uğradı. Cənubi Koreya və Yaponiyada keçirilən DÇ-2002-də Seneqal, Uruqvay və Danimarkanın yer aldığı qrupa düşən fransızlar nəinki qələbə qazana, qol da vura bilmədi. Cəmi 1 xal toplayan yığma bunu 2-ci turda Uruqvayla qolsuz bərabərlik sayəsində əldə etdi. Fransanın turnirin açılış oyununda Seneqala məğlubiyyəti (0:1) ən böyük sensasiya sayıldı. Həmin vaxt Roje Lemerin çalışdırdığı yığmanı qrupda saxlayan onu məğlub edən (2:0) Danimarka oldu. Özü də Fransanın həmin turnirə Konfederasiyalar Kubokunun qalibi kimi gəldiyini nəzərə alsaq, hətta 1/8 finala çıxa bilməmək fiasko sayılmalıdır.
Fransa budəfəki mundiala isə son gümüş mükafatçı kimi gəldi. Almaniyada keçirilən DÇ-2006-da İtaliya yığmasına yalnız oyun sonrası penaltilər seriyası ilə məğlub olan fransızlar 1/8 finala çıxmaq şansını saxlasa da, bu, özlərindən asılı deyil. Yəni onlar son turda CAR üzərində istənilən hesablı qələbə qazansa belə, qrupda qala bilər. Bunun üçün eyni səviyyəli Meksika ilə Uruqvay yığmalarının heç-heçə etməsi kifayətdir ki, bunun baş verməsi real görünür. Fransa 8 il öncə olduğu Uruqvayla qolsuz heç-heçə etdi, bu dəfə 0:2 hesablı məğlubiyyəti Meksikadan aldı. “Üçrənglilər” yenə Afrika təmsilçisi ilə bir qrupa düşüb. Sadəcə, bu dəfə Seneqal yox, CAR-la.
8 il öncə də, indi də baş məşqçi əsas tənqid hədəfidir. Onlar daha çox heyəti düzgün müəyyənləşdirməməkdə, yanlış futbolçu seçimində günahlandırılır. Yığmanı 2000-ci ildə Avropa çempionu edən Lemer iki il sonra qəhrəmandan antiqəhrəmana çevrildi. Həmin vaxt mundiala favorit kimi gedən fransızların yoldaşlıq görüşündə inamsız oyunu diqqəti cəlb edirdi. Dünya çempionu olan heyətdən 14 nəfəri götürən Fransa yığması həmin mundialın ən qoca komandalarından biri idi. Baş məşqçi mətbuatın çağırışlarına baxmayaraq, bir sıra yaxşı futbolçuları çağırmadı.
İndi də Raymond Domenek həmkarının yolu ilə gedib və bunun acı nəticəsini görür. 8 il öncə mətbuat Lemeri hücumçu Cibriel Sisseni niyə ilk dəqiqələrdən oynatmadığına görə tənqid edirdi. Domenek isə hələ ki Sisseni heç meydana buraxmayıb və ən təcrübəli futbolçusu Tyeri Anrini daha çox ehtiyatda saxlayır. O, hələ mundial öncəsi bəyan etdi ki, 33 yaşlı kapitan Anriyə əsas heyətdə yer verməyəcək. Uruqvayla oyunda ikinci hissədə meydana çıxan Tyeri Meksikaya uduzduqları görüşü ehtiyat oyunçular skamyasından izlədi. Artıq 6 ildir yığmanı çalışdıran Domenekin qovulması xeyli vaxtdır tələb olunsa da, ona yenə şans verirlər. Ancaq istənilən halda, bu, onun sonuncu sınağı olacaq və nəticədən asılı olmayaraq, mundialdan sonra baş məşqçi postuna Loran Blan gəlir. Yeri gəlmişkən, Lemer qovulan zamanı onun yerinə Jak Santini gəlsə də, 2004-cü il Avropa çempionatında nəticə qazanılmadı.
Əslində, Fransanın belə çıxışını ədalətin zəfəri kimi qələmə vermək olar. Axı “üçrənglilər” mundiala haqsız çıxmışdılar və pley-offda rəqibi olan İrlandiyanın haqqı tapdalanmışdı. Fransada keçirilən cavab görüşündə Anrinin əlavə vaxta qolu vuran zaman əllə oynamasını bütün dünya gördü. Nəticədə görüş 1:1 hesabı ilə bitdi və ilk oyunda qalib gələn (1:0) fransızlar DÇ-2010-a çıxdı. İndi onların uğursuzluğuna ən çox sevinən irlandların olduğunu desək, yanılmarıq. Öz aramızdır, onların buna haqqı da çatır. Qolu qayda pozuntusu hesabına vurduğu etiraf edən Tyeri məsuliyyəti hakimin boynuna atmışdı. Nə olursa-olsun, Anri Fransanın növbəti mundiala çıxmasında ən çox əməyi olan futbolçudur və onun kimi səviyyəli hücumçu belə yarışa daha çox ehtiyatda qalmaq üçün aparılmamalıdır. Domenek bu addımı ilə tənqid olunmasına daha bir əsas verir. Fransa yığması ilə Anri sanki irlandların ahına tutulub və haram qazandıqları vəsiqədən fayda görmürlər.
Deyilənə görə, Domenek astroloqların proqnozuna yaman inanır və heyəti müəyyənləşdirərkən bürclərdən istifadə edir. O, DÇ-2006-da bir sıra tanınmış futbolçuları buna görə mundiala yollanan heyətdə yer verməyib. İndi Domenek astroloqlardan növbəti iş yeri ilə bağlı ulduz falını gözləyəcək.
Mehman SÜLEYMANOV

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0