Maradonadan şok iddia: Hamınız üzr istəyin
23.06.2010 - 08:36
Maradonadan şok iddia: Hamınız üzr istəyin
“Sizin çoxlarının o vaxt dediklərinin hamısı düzgün deyildi. Siz futbolçulara qarşı hörmətsizlik nümayiş etdirirdiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona deyib. Dünya çempionatının qrup mərhələsinin Yunanıstanla oyunundan sonra keçirilən mətbuat konfransında futbol əfsanəsi yenə jurnalistlərə “ilişib”.

50 yaşlı mütəxəssis seçmə mərhələ boyu onu və komandasını tənqid edən həmkarlarımız qarşısına tələb qoyub: “İndi siz bu oyunçulardan üzr istəməlisiniz. Çünki onlar bütün güclərini meydanda qoymaqla 100 faiz peşəkar olduqlarını göstərdilər. Biz borcumuzu yerinə yetiririk, Argentina yığmasının şərəfini qoruyuruq. Komandamız əvvəllər də bunu edirdi. Fikir verin bunlar seçmə mərhələdə oynayan futbolçulardır. Hər kəs səhv edə bilər. Lakin daxilən gücə malik olmaq lazımdır ki, “üzr istəyirəm” ifadəsini işlədəsən”.

Qeyd edək ki, qrup mərhələsinin son oyununda Yunanıstanı 2:0 hesabı ilə məğlub edən Argentina 1/8 finala 3 qələbə ilə vəsiqə qazanıb.