Fransa yığmasından növbəti qalmaqal: Domenek həmkarının əlini sıxmadı - FOTO
23.06.2010 - 09:00
Fransa yığmasından növbəti qalmaqal: Domenek həmkarının əlini sıxmadı - FOTO
Dünya çempionatının final mərhələsində çıxışlarını başa vuran Fransa yığması CAR-ı növbəti qalmaqalla tərk edib. Apasport.az saytının məlumatına görə, meydan sahibləri ilə keçirilən sonuncu oyununda da məğlub olan avropalıların baş məşqçisi Raymond Domenek həmkarı Karlos Alberto Pareyranın əlini sıxmaqdan imtina edib.

Milli komandanı sonuncu dəfə meydana çıxaran mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında hadisəyə aydınlıq gətirməkdən imtina edib: “Zəhmət olmasa, növbəti sualı verin”.

Pareyra isə Domenekin onun əlini sıxmamağının səbəbini izah edib: “O, mənə komandası haqda pis fikir bildirdiyimi dedi. Bu səbəbdən də əlimi sıxmaqdan imtina etdi. Domenekin köməkçisi isə həmkarımın məndən inciməyinin səbəbini izah etdi. Guya mən demişəm ki, Anrinin əllə oyunundan sonra İrlandiyaya vurulan qolla mundiala çıxan Fransa burada oynamağa layiq deyil. And olsun həyatıma ki, mən belə bir söz deməmişəm”.

Qeyd edək ki, CAR yığmasının 2:1 hesabı ilə qalib gəldiyi matç Domenek kimi Parreyra üçün də bu postda sonuncu qarşılaşma idi.