Vayss İtaliya üzərində qələbəni oğlunun anadan olduğu günlə müqayisə etdi
25.06.2010 - 09:03
Vayss İtaliya üzərində qələbəni oğlunun anadan olduğu günlə müqayisə etdi
“Biz oyuna ciddi hazırlaşmışdıq. Bunun nəticəsində mənim yetirmələrim əsl fədakarlıq göstərərək son dünya çempionlarını mübarizədən kənarlaşdırdılar. Onlar topla gözəl oynadılar, rəqibə heç bir şans vermədilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İtaliya yığma komandasına 3:2 hesabı ilə qalib gələn Slovakiya millisinin baş məşqçisi Vladimir Vayss deyib.

Mütəxəssis bu qələbəni ikinci ən xoşbəxt günü kimi qiymətləndirib: “Bu qələbə oğlumun anadan olmasından sonra ikinci xoşbəxt günümdür. Təbii ki, biz bununla kifayətlənməyəcəyik. Komandada gözəl abı-hava var. Pley-offda da qələbə qazanaraq hələ Cənubi Afrika Respublikasında qalmaq istəyirik”.

Qeyd edək ki, Slovakiya komandası 1/8 finalda Hollandiya futbolçuları ilə üz-üzə gələcək.