“Tofiq Bəhramov məzarında rahat uyuya bilər”
28.06.2010 - 11:49
“Tofiq Bəhramov məzarında rahat uyuya bilər”
“Tofiq Bəhramov məzarında rahat uyuya bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva “Spartak”ının sabiq futbolçusu Yevgeni Lovçev deyib.

Dünya çempionatının 1/8 finalında Almaniya – İngiltərə görüşündə (4:1) qeydə alınan hakim səhvinə toxunan rusiyalı futbolçu bildirib ki, Frenak Lempardın qolunun qeydə alınmaması düzgün qərar deyildi: “Mundialda hakimlərin növbəti ağlasığmaz səhvi qeydə alındı. Necə olur ki, oyunu idarə edən ədalət təmsilçilər qapı xəttini təxminən 1 metr keçən topu görmədilər? Bunun qol olduğunu isə topun sıçrayışından da başa düşmək olardı”.

Qeyd edək ki, Almaniya - İngiltərə matçında hesab 2:1 olarkən, hakim İngiltərə yığmasının vurduğu qolu qeydə almayıb.

1966-cı ilin dünya çempionatının finalında, İngiltərə - Almaniya görüşündə də oxşar vəziyyət qeydə alınmışdı. Amma indiki mundialdan fərqli, o vaxt ingilis futbolçunun zərbəsindən sonra tirə dəyib qapı xəttini keçən top yan xətt hakiminin – həmyerlimiz Tofiq Bəhramovun diqqətindən yayınmamışdı.

Görünür, bu səbəbdən də Lovçev haqq dünyasına qovuşmuş Bəhramovun 44 il əvvəlki qərarının düzgün olduğunu bir daha təsdiqləyib.