“Elnur Məmmədli ilə rəqabətdən çəkinmirəm”
01.07.2010 - 12:36
“Elnur Məmmədli ilə rəqabətdən çəkinmirəm”
“Rusiyaya təlim-məşq toplanışı keçməmiş yollanırıq. Yığma komandamızın üzvləri fərdi hazırlaşıblar. Məncə, bu amil yarışda bizə problem yaratmayacaq. Çünki Olimpiadaya ən yüksək lisenziya xalı “Böyük Dəbilqə” turnirində verildiyindən bütün uşaqlar tatamiyə medal qazanmaq üçün çıxacaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Moskvada cüdo üzrə Böyük Dəbilqə turnirində qüvvəsini sınayacaq yığma komandamızın üzvü Elxan Rəcəbli deyib.

Qarşısına London-2012-də iştirak etmək məqsədi qoyan Rəcəbli bildirib ki, Rusiyada qazanılacaq qələbə onun lisenziya şansını artıracaq: “Böyük Dəbilqə” turnirində çempion olacaq cüdoçu aktivinə 300 xal əlavə edəcək. Bunun üçün Moskvaya dünyanın ən güclü cüdoçuları gələcəklər. Yarışı dünya çempionatı da adlandırmaq olar. Lakin bütün bunlara baxmayaraq, “Böyük Dəbilqə” turnirində çəkindiyim rəqib yoxdur. Hamısı ilə tatamiyə çıxmağa hazıram. Rusiyada birinci yeri tutacağım halda Olimpiadaya yollanmaq şansımı da artırmış olacağam”.

81 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Elxan Rəcəblinin əsas rəqiblərindən biri Olimpiya çempionumuz Elnur Məmmədlidir. Lakin o, Məmmədli ilə rəqabətdən çəkinmir: “Elnurla rəqabətdən çəkinmirəm. Hər ikimizin London-2012-yə yollanmaq şansımız var. Əvvəllər də Mehman Əzizovla 1 lisenziya uğurunda mübarizə aparırdıq. Artıq Beynəlxalq Cüdo Federasiyasının yeni qərarına görə, ən çox xal toplayan idmançı olimpiadaya yollanacaq və əvəzlənməyə icazə verilməyəcək. Buna görə hansımız daha çox xal qazansa, o da Londona gedəcək”.

Qeyd edək ki, iyulun 3-4-də keçiriləcək Böyük Dəbilqə yarışlarında Azərbaycanı Tərlan Kərimov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.