Cüdoçularımızın rəqibləri müəyyənləşdi
02.07.2010 - 20:54
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
Sabah Moskvada cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, London olimpiadasına lisenziya xalları verəcək yarışda idmançılarımızın rəqibləri müəyyənləşib.

Ağayar Axundzadənin rəhbərlik etdiyi komandanın üzvü Tərlan Kərimov (66 kq) ilk mərhələdən azaddır. O ikinci mərhələdə Amin Əl Hadi (Misir) və Fabris Flamand (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.

73 kq çəki dərəcəsində tatamiyə çıxacaq Samir İsmayılov ilk döyüşündə türkiyəli Həsən Vanlıoğlu ilə üz-üzə gələcək. Həmyerlimiz rəqibinə qalib gələcəyi halda növbəti mərhələdə Bruno Mendoncanı (Braziliya) sınağa çəkəcək.

81 kq çəkili cüdoçuların yarışında Olimpiya çempionumuz Elnur Məmmədli və Elxan Rəcəbli mübarizəyə qoşulacaqlar. Məmmədli əvvəlcə macarıstanlı Laslo Çokniai ilə münasibətlərinə aydınlıq gətirəcək. Cüdoçumuz onu məğlub edəcəyi halda növbəti mərhələdə belaruslu Aleksandr Stsiaşenkoya da gücünü göstərməyə çalışacaq.
Məmmədli ilə yarımfinalda qarşılaşmaq şansı olan Rəcəbli birinci döyüşündə Antonio Kyanonu (İtaliya) tatamiyə dəvət edəcək. Təmsilçimiz italiyalı rəqibinə qalib gələrsə, ikinci görüşündə Takahiro Nakaini (Yaponiya) ilə güləşəcək.

Çəkisi 90 kq olan idmançıların yarışında böyük ümidlər bəslənilən Elxan Məmmədovun püşkatmada bəxti gətirməyib. O, ilk görüşündə güclü Kirill Voprosovla (Rusiya) üz-üzə gələcək.

Qadın idmançıların yarışında qüvvəsini sınayacaq Kifayət Qasımova (57 kq) növbəti mərhələyə yüksəlmək üçün qazaxıstanlı Alina Tenlə qarşılaşacaq. Xanım cüdoçumuz asiyalı rəqibinə gücünü göstərərsə Sabrina Filzmaser (Avstriya) və Yuliya Bezko (Estoniya) cütünün qalibini sınağa çəkəcək.

63 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Ramilə Yusibovanın rəqibi yaponiyalı Moko Tanaka olacaq. O rəqiblə görüşdən qalib ayrılarsa İkumi Tanimato (Yaponiya) və Klarisse Agbegnenou (Fransa) cütünün güclüsü ilə döyüşəcək.

Qeyd edək ki, yarışda 54 ölkədən 500-ə yaxın cüdoçu mübarizə aparacaq. 2 gün davam edəcək “Böyük Dəbilqə”nin qalibi olacaq idmançı 300 xal qazanacaq.