Felipe Melonu mühafizəçilər xilas etdi
04.07.2010 - 20:43
Felipe Melonu mühafizəçilər xilas etdi
Dünya çempionatının final mərhələsini 1/4 finalda başa vuran Braziliya yığması vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə,Hollandiyaya 1:2 hesabı ilə uduzan “pentakampeonlar”ı aparan təyyarə əvvəl Rio-de-Janeyro, sonra San-Pauluda enib. Belə ki, CAR-dan qayıdan nümayəndə heyətinin bir qismi bu, digərləri o biri şəhərdə Braziliya torpağına qədəm basıb. Təyyarənin gecə enməsinə baxmayaraq hər iki şəhərdə yüzlərlə azarkeş futbolçuları qarşılaşamağa çıxıblar.

Rio-de-Janeyrodakı fanatlar daha aqressiv olaraq Felipe Melonun üstünə cumublar. Onlar Hollandiya ilə oyunda rəqibin bərabərlik qolunu vurmasında payı olan, sonradan meydandan qovulmaqla yoldaşlarını azlıqda qoyan yarımmüdafiəçi ilə haqq-hesab çürütmək istəyiblər.

Günahı boynuna almaq və üzr istəməkdən imtina edən Felipe jurmnalistlərlə ünsiyyətdən imtina edərək mühafizəçilərin əhatəsində hava limanını tərk edib. Azarkeşlər onun hər addımını söyüşlərlə müşayiət ediblər. Maraqlıdır ki, qolun buraxılmasında Melo kimi günahı olan Julio Sezar həmyerliləri tərəfindən bağışlanıb. Braziliyalılar qapıçını alqışlayıblar.

Qeyd edək ki, Hollandiya – Braziliya matçında “narıncılar”ın vurduğu top əvvəl avtoqol kimi Felipenin hesabına yazılmışdı. Lakin sonradan həmin topun hollandiyalı Uesli Sneyderin adına yazılması məqsədəuyğun sayılıb.