Dünya çempionatları tarixində yeni rekord
07.07.2010 - 11:20
Dünya çempionatları tarixində yeni rekord
Futbol üzrə dünya çempionatları tarixində yeni rekord qeyd alınacaq. Apasport.az saytının məlumatına görə, 1930-cu ildən keçirilən mundialda ilk dəfə Avropa təmsilçisi başqa qitədə çempion olacaq. Bu, Hollandiyanın ilk yarımfinal matçında Uruqvay üzərində qələbə qazanmasından (3:2) sonra dəqiqləşib.

Digər yarımfinal görüşündə Almaniya və İspaniya yığmaları qarşılaşacaq ki, hollandların finalda rəqibi istənilən halda, Avropa təmsilçisi olacaq.

İndiyədək baş tutmuş Avropa finalları DÇ-34 (İtaliya - Çexoslovakiya), DÇ-38-də (İtaliya - Macarıstan), DÇ-54 (Almaniya - Macarıstan), DÇ-66 (İngiltərə - Almaniya), DÇ-74 (Almaniya - Hollandiya), DÇ-82 (İtaliya - Almaniya), DÇ-2006-da (İtaliya - Fransa) olub. Ancaq bunların hamısı Avropada keçirilən mundiallardır.

Dünya çempionlarından Braziliya 4, Argentina 1 dəfə başqa qitədə qalib olub. Son dünya çempionunun İtaliya yığmasının olduğunu nəzərə alsaq, ardıcıl ikinci dəfə qızıl medallar avropalılara nəsib olacaq. Belə hal mundial tarixində yalnız İtaliya ardıcıl iki dəfə (1934 və 38-ci illərdə) dünya çempionu olan zaman baş verib.

Qeyd edək ki, Hollandiya yığması tarixində iki dəfə (DÇ-74 və DÇ-78) finala çıxsa da, dünya çempionu ola bilməyib. Deməli, “narıncılar” buna nail olarsa, mundilada növbəti ilk qeyd alınacaq.