Visente del Boske: Almaniya yığması üzərində qələbədən heyran qaldım
08.07.2010 - 08:59
Visente del Boske: Almaniya yığması üzərində qələbədən heyran qaldım
“Bu, əla və qeyri-adi oyun idi. Mən bütün futbolçularımı təbrik etməliyəm. Onlar həm müdafiə, həm də hücumda möhtəşəm idilər. Azarkeşlərimiz əla dəstəyə görə sağ olsunlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri DÇ-2010-in ikinci finalçısı olan İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib.

Yarımfinalda Almaniya yığması kimi güclü rəqibi yenən (1:0) ispanlar tarixlərində ilk dəfə mindialın finalına çıxdılar. Bundestim üzərində qələbədən heyran qalan del Boske yarımmüdafiəni xüsusilə qiymətləndirib: “Komandanın uğurunun əsası həmişə orta sahənin keyfiyyəti ilə qoyulur. Əgər orda hər şey qaydasındadırsa, onda futbolçulara öz ustalıq səviyyələrini göstərmək asan olur. Komandamızda əla ifaçılar cəmləşib. Yaxşı ehtiyat qüvvəmiz var. Bütün bunlar həyatımızı əməlli asanlaşdırır. Mən gənc insanlar qrupuna rəhbərlik edirəm. Onları futbolda artıq kifayət qədər təcrübəli adlandırmaq olar. Biz oyunun təşkilinin, görüş boyu topa nəzarətin yaxşı üsullarını axtarırıq. Futbolçularımız bu işi sadəcə, möhtəşəm görürlər”.

İndi İspaniyanı iyulun 11-də Hollandiya yığması ilə final oyunu gözləyir. Təcrübəli mütəxəssis rəqibə hörmət etdiklərini bildirib: “Onlar Hollandiya futbolunun əla məktəbini təmsil edirlər. Ümid edirəm ki, biz həmin görüşə optimal taktika tapa biləcək, topla düzgün davranacağıq”.