Ağacan Abıyev: Boksçularımızın Sinqapurda 2 gümüş medal qazanması yaxşı nəticədir
28.08.2010 - 18:24
Ağacan Abıyev: Boksçularımızın Sinqapurda 2 gümüş medal qazanması yaxşı nəticədir
“Biz 6-7 medal gözləyirdik. Lakin 8 medal qazanmağımız doğurdan da sensasiyadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.

Abıyev idmançılarımızın Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında uğurlu çıxış etdiyini bildirib: “205 ölkə arasında 11-ci olmağımız bizim uğurumuzdur. Biz böyüklərin Olimpiadasında 34-cü yeri tutmuşduq. Lakin Olimpiya Oyunları tarixində belə yüksək pillədə qərarlaşmamışdıq. Bu onu göstərir ki, ölkəmizdə Olimpiya Hərəkatı günbəgün inkişaf edir və idmançılarımız dövlət qayğısı sayəsində qələbələrini davam etdirirlər. Azərbaycanın gənc idmançıları dünyada 11-ci olmaları gözəl nəticədir. İdmançı sayına görə nisbi götürdükdə Azərbaycan birincidir. Çünki 12 idmançıdan 8-i yarışı medalla başa vurub. Bu münasibətlə hamını təbrik edirəm”.

Abıyev bildirib ki, Olimpiadada mübarizə aparan boksçular ümidləri doğruldublar: “Boksçularımızın Sinqapurda 2 gümüş medal qazanması yaxşı nəticədir. Arzu edərdim ki, elə bu nəticəni boksçularımız London-2012-də təkrarlasınlar. Bu qələbədən sonra gənclərimiz London Olimpiadasına kimi dincəlməməlidirlər. İnkişafı davam etdirməlidirlər. Arzu edirəm ki, medal qazanan idmançılarımız Böyük Britaniyada da iştirak edərək vətənə uğurla dönsünlər”.

Qeyd edək ki, Sinqapur-2010-da 3 boksçumuzdan 2-si gümüş medala sahib olub.