Yoahim Löv: Azərbaycanı məğlub etməyin yolunu bilirik
06.09.2010 - 17:05
Yoahim Löv: Azərbaycanı məğlub etməyin yolunu bilirik
“Biz Azərbaycan yığmasını necə məğlub etməyin yolunu bilirik. Ancaq bunun üçün çox diqqətli olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Avro-2012-nin seçmə mərhələsinin sentyabrın 7-də keçiriləcək qarşılaşmasında Azərbaycan yığması ilə görüşəcək Bundestimin çalışdırıcısı yalnız qələbə haqda düşünür. Löv matçdan əvvəl keçirdiyi mətbuat konfransında millimizin oyununu belə xarakterizə edib: “Rəqib öz cərimə meydançasına 20 metr qalmış sədd çəkib oyunumuzu dağıtmağa çalışacaq. Oinlar əks-hücumu gözləyəcəklər. Bax buna görə də oyunun tempini yüksəldib əsasən hücuma bel bağlamalıyıq. Onda biz qol vurmaq şansları əldə edəcəyik və məqsədimizə çatacağımıza ümid edirik”.

Komandasındakı itkilərdən danışan Löv Belçika ilə oyunda zədələnərək sıradan çıxan Marsel Yansenin yoxluğuna toxunub: “Yansen xəsarət alıb. Ancaq biz başqa çıxış yolu tapmalıyıq. Əks halda bu bizə baha başa gələr. Yoxsa ki, heyətdə dəyişiklik etməyəcəkdik”.

Alman çalışdırıcı son aylarda yetirmələrinin göstərdiyi oyundan çox razıdır: “Bizim komanda DÇ-2010-un seçmə mərhələsindəkinə heç oxşamır. O vaxt Finlandiya ilə səfər oyununda çoxlu problemlərlə üzləşdik. Bombardirimiz Miroslav Klozenin het-triki sayəsində Skandinaviyada məğlubiyyətdən qaçıb, 3:3 hesablı heç-heçə etdik”.