Uğursuz start
09.09.2010 - 12:54
Uğursuz start
Bu gün cüdo üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, London Olimpiya Oyunlarına lisenziya xalı verən bu mötəbər yarışın ilk günündə tatamiyə Azərbaycan idmançılarından Elmar Qasımov çıxıb.

Çəkisi 100 kq olan cüdoçuların mübarizəsində qüvvəsini sınayan həmyerlimiz ilk döyüşünə qələbə ilə başlayıb. O, 1/32 final mərhələsində almaniyalı Dino Pfeyfferə vazari fəndi ilə qalib gəlib. Qasımov növbəti görüşündə Hassan Azzounla qarşılaşıb və əlcəzairli rəqibini döşəyə çıxmağa peşman edib. Təmsilçimiz Azzounu 1 dəqiqə 20 saniyəyə ippona “salıb” və təmiz qələbə qazanıb. 1/8 final mərhələsində də Ağayar Axundzadənin yetirməsi eyni uğuru təkrarlayıb. O bu dəfə 1 dəqiqə 18 saniyəyə koreyalı Hi-Tae Huanqa ipponla qalib gəlib. Lakin Qasımovun yarımfinala gedən yolunu Oreydi Despaygne (Kuba) kəsib. Cüdoçumuz son 2 döyüşdə tətbiq etdiyi fəndə bu dəfə özü “düşüb”. Rəqib 3 dəqiqənin tamamına 2 saniyə qalmış qələbə qazanıb.

İdmançımız 1/4 final mərhələsində uduzduğundan təsəlliverici görüşlərə qatılıb. Təəssüf ki, Qasımov bu dəfə də uğursuz çıxış edib. O, fransalı Tyerri Fabreyə ipponla (3 dəqiqə, 10 saniyə) məğlub olaraq dünya çempionatını medalsız başa vurub.

Qeyd edək ki, 111 ölkədən 848 cüdoçunun qatıldığı dünya çempionatında sabah tatamiyə Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Elxan Məmmədov (90 kq) çıxacaqlar. Sentyabrın 11-də Rinat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) mübarizəyə qoşulacaqlar. Bir gün sonra isə 66 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Tərlan Kərimov nəyə qadir olduqlarını nümayiş etdirəcək.
Dünya çempionatına sentyabrın 13-də yekun vurulacaq.
0