"Kəpəz"in yüksəlişi: Zirzəmidən zirvəyə
12.11.2026 - 16:27
"Kəpəz"in yüksəlişi: Zirzəmidən zirvəyə

Misli Premyer Liqasında I dövrəyə yekun vurulub. Mövsümün ilk hissəsi “Kəpəz”in həm turnir cədvəlindəki yüksəlişi, həm də tamaşaçı sayındakı üstünlüyü ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi ötən mövsümün eyni dövrü ilə müqayisədə xal ehtiyatını 14 xal artırıb. Komanda bir il əvvəl sonuncu pillədə qərarlaşdığı halda, bu dəfə ilk altılığa yüksəlib.

“Kəpəz” tribunada da rəqiblərini böyük fərqlə qabaqlayıb. Gəncəlilərin ev oyunlarını izləyən azarkeşlər çempionatın ümumi tamaşaçı sayının 44,1 faizini təşkil edib.

Sonuncu pillədən ilk altılığa

İki mövsüm arasındakı ən böyük müsbət dəyişikliklərdən biri “Kəpəz”in nəticələrində qeydə alınıb.

Gəncə təmsilçisi 2025/26 mövsümünün ilk dövrəsini cəmi 3 xalla sonuncu pillədə tamamlayıb. Komanda 11 qarşılaşmada yalnız bir dəfə qalib gəlib, digər 10 görüşdə meydanı məğlub tərk edib.

Cari mövsümdə isə vəziyyət tamamilə dəyişib. “Kəpəz” 10 oyunda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 3 görüşdə uduzub. Nəticədə 17 xal toplayan komanda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

Müdafiədə böyük dəyişiklik

“Kəpəz”in yüksəlişi yalnız toplanılan xallarla məhdudlaşmır. Komandanın müdafiə göstəricilərində də ciddi irəliləyiş var.

Ötən mövsümün ilk 11 qarşılaşmasında 32 qol buraxan gəncəlilər cari çempionatda keçirdikləri 10 görüşdə qapılarında cəmi 10 top görüblər.

Bir il əvvəl komandanın top fərqi -24 olduğu halda, hazırda bu göstərici sıfıra bərabərdir.

Tribunaların mütləq lideri

“Kəpəz”in yüksəlişi klubun doğma şəhərinə qayıdışı ilə eyni vaxta təsadüf edib.

Uzun fasilədən sonra Gəncədə azarkeşləri qarşısına çıxan komanda tamaşaçı sayına görə çempionatın liderinə çevrilib.

Gəncə təmsilçisinin ilk dövrədə keçirdiyi 6 ev oyununu ümumilikdə 78 min 300 azarkeş izləyib. Bu, Misli Premyer Liqasında qeydə alınan 177 min 443 tamaşaçının 44,1 faizi deməkdir.

Komandanın bir ev qarşılaşmasına orta hesabla 13 min 50 azarkeş gəlib. Bu göstəricidə də “Kəpəz” bütün rəqiblərini geridə qoyub.

Dörd klub birlikdə “Kəpəz”ə çata bilmədi

Gəncə təmsilçisinin tamaşaçı statistikasındakı üstünlüyünü göstərən daha bir maraqlı məqam var.

“Kəpəz”in cəmi 6 ev oyununa gələn azarkeşlərin sayı “Turan Tovuz”, “Qarabağ”, “Neftçi” və “Sabah”ın birlikdə topladığı tamaşaçı sayından çoxdur.

Həmin dörd klubun ümumilikdə 20 ev qarşılaşmasını 68 min 443 nəfər izləyib. Gəncəlilər isə 6 oyunda bu göstəricini 9 min 857 nəfər üstələyiblər.

“Kəpəz”dən sonra ən yüksək orta tamaşaçı sayı “Turan Tovuz”a məxsusdur. Tovuz klubunun ev oyunlarına orta hesabla 4360 nəfər gəlib.

“Qarabağ”da bu göstərici 3710, “Neftçi”də isə 3588 nəfər təşkil edib.

“Kəpəz”siz çempionat – 2773-dən 1709-a

Gəncə təmsilçisinin doğma şəhərə qayıdışı bütövlükdə çempionatın tamaşaçı statistikasına ciddi təsir göstərib.

Misli Premyer Liqasının ilk dövrəsində keçirilən 64 qarşılaşmanı ümumilikdə 177 min 443 azarkeş izləyib. Hər oyuna orta hesabla 2773 tamaşaçı düşüb.

Lakin “Kəpəz”in 6 ev görüşünü ümumi statistikadan çıxardıqda tamamilə fərqli mənzərə yaranır.

Qalan 58 qarşılaşmada tribunalara cəmi 99 min 143 nəfər gəlib. Bu isə bir oyuna orta hesabla 1709 tamaşaçı deməkdir.

Başqa sözlə, “Kəpəz”in ev oyunları çempionatın ümumi orta tamaşaçı göstəricisini təxminən 62 faiz yüksəldib.