“Bakı”nın legionerləri “narıncılar”a qarşı
25.09.2010 - 09:16
“Bakı”nın legionerləri “narıncılar”a qarşı
Moldova milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qabi Balint Avro-2012-nin seçmə mərhələsinin qarşıdakı oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib. Oktyabrın 8-də Hollandiya, 4 gün sonra isə San-Marino ilə görüşəcək moldovalıların heyətində Unibank Premyer Liqasında çıxış edən 2 futbolçu da olacaq. Bunlar “Bakı”nın şərəfini qoruyan Vadim Borets və Aleksey Savinovdur. Onlarla yanaşı ölkəmizdə 3 klubda – “Standard”, “Karvan” və “Olimpik-Şüvəlan”da oynamış, hazırda karyerasını Ukraynanın “Çernomorets” komandasında davam etdirən Anatoli Doroş da bu görüşlərin iştirakçısı olacaq.

Qeyd edək ki, Moldova yığması seçmə mərhələnin ilk iki oyunundan sonra 3 xalla qrupunda 4-cü pillədə qərarlaşıb. Onların növbəti rəqibi olan hollandiyalılar iki görüşdən maksimum nəticə ilə yalnız top fərqinə görə ikincidir. Son dünya çempionatının gümüş mükafatçısı olan “narıncılar”dan fərqli San-Marino yığması G qrupunun aşkar autsayderidir. Onlar keçirdiyi 2 matçda 11 cavabsız qol buraxmaqla məğlubiyyətləri sıralayıblar.