Misli Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün əhəmiyyətli oyun idi. Etiraf edək ki, çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Onlar fiziki baxımdan güclü kollektivdir. Düşünürəm ki, bu gün komandamız layiqincə mübarizə apardı. Rəqib liderlər sırasında olsa da, onlardan çəkinmədim, sona qədər döyüşdük. Nəticə məyus edir, amma məncə, ən azı bir xala layiq idik. Gəncədən gələn çoxsaylı azarkeşlərimizə təşəkkür edirəm, bizi tək qoymadılar. Bugünkü performansa görə futbolçulara da minnətdaram".
– Vaxtilə “Turan Tovuz”da da oynamısınız. Sizin dövrünüzdəki derbilərlə indikini necə müqayisə edərdiniz?
– Bizim vaxtımızda derbilər çox maraqlı keçirdi. 2004-2005 mövsümünün çempionatını xüsusi qeyd edərdim. Bu mövsüm Azərbaycan futbolu tarixinin ən yaxşı liqa dönəmlərindən oldu.
– “Turan Tovuz”un standart vəziyyətlərdən güclü olduğu bəllidir. Buna qarşı hansı planınız var idi?
– Həftə ərzində bunun üzərində çalışırdıq. “Turan Tovuz”un hücuma qoşulan futbolçuları hündürboydur. İstədik ki, nələrsə edək. Heyət seçəndə bu amilə də diqqət etdik. Hər iki qol uzun ötürmələrdən sonra oldu.
– Rəqibin ikinci qolunda hansı səhvə yol verdiniz?
– Tapşırmışdım ki, rəqibin uzun ötürmələrinin qarşısını alaq. Bunu edə bilmədiyimiz üçün bir az emosional idim.
– İlin sonuna qədər bütün oyunlarınız səfərdədir. Digər rəqiblər isə “ikinci altılıqda yer alan komandalardır. Bu matçlarda hədəf nə olacaq?
– Hər oyunda qələbə düşünürəm. Futbolçulara da deyirik, əsas qol buraxmayaq. Çünki hücumda daha fəal ola bilirik. 8 turdan sonra birinci dəfə iki qol buraxdıq. Qarşıdakı üç oyunda hədəf ancaq qələbədir.