Azərbaycan kubokunun qalibləri müəyyənləşdi
06.10.2010 - 18:26
Azərbaycan kubokunun qalibləri müəyyənləşdi
Bakı İdman Sarayında keçirilən boks üzrə Azərbaycan kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən güclü 60 boksçusunun 3 günlük mübarizəsindən sonra qaliblər müəyyənləşib.

Gərgin keçən döyüşlərdən sonra Kamran Məlikov (49 kq), Cavid Çələbiyev (52 kq), Rəhim Nəcəfov (56 kq), Heybətulla Hacıəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Ruslan Edusultanov (69 kq), Rahib Bəylərov (75 kq), Kamran Mehdiyev (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev (+91 kq) Azərbaycan kubokunun sahibi olublar.

Yarışda təcrübəli boksçularımızdan bəziləri məğlubiyyətlə yadda qalıblar. Dünya çempionatının gümüş mükafatçısı Elçin Əlizadə (91 kq) ilkin mərhələdə uduzaraq mübarizəni dayandırıb. Dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədov (52 kq) da uğursuz çıxışı ilə diqqət çəkib. O, finalda gənc Cavid Çələbiyevə nokautla məğlub olub. Yığmamızın digər tanınmış boksçusu Emil Məhərrəmov (69) isə Ruslan Edusultanovla həlledici görüşdə nokauta düşüb.

Qeyd edək ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan boksçularımız növbəti mötəbər yarışlarda yığmamızın heyətinə cəlb ediləcəklər.