Qus Hiddink Azərbaycan yığması ilə oyun üçün futbolçu axtarır
27.10.2010 - 08:42
Qus Hiddink Azərbaycan yığması ilə oyun üçün futbolçu axtarır
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasını rəqibi olan Türkiyə yığmasında islahatlar gözlənilir. Apasport.az saytının məlumatına görə, Bakıda millimizə uduzduqdan sonra tənqid hədəfinə çevrilən baş məşqçi Qus Hiddink komandasının heyətini gücləndirmək üçün axtarışlar aparmağa məcbur olub. Yeni istedadları yığmaya cəlb etmək üçün dağa-daşa düşən hollandiyalı indi də Böyük Britaniyaya yollanıb.

Türkiyə Superliqasının IX turunun 3 qarşılaşmasını canlı izlədikdən sonra 16 yaşadək futbolçuların ölkə kubokunu da seyr edən Hiddink İngiltərədə gözaltı etdiyi 4 futbolçuya baxmağa gedir. O, 21 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasında çıxış edən Gökhan Töre (“Çelsi”), Cem Pol Karacan (“Ridinq”), Nadir Çiftçi (“Portsmut”) və Hollandiya gənclər yığmasının kaputanı Oğuzhan Özyakubu (“Arsenal”) izləmək niyyətindədir.

Hiddink bu oyunçuların qarşıdakı seçmə oyunlarında, o cümlədən Azərbaycan yığması ilə gələn ilin payızında keçiriləcək matçda güvənə biləcəyini də istisna etməyib: “Seçmə mərhələdə geniş heyətimiz olmalıdır. Buna nail olmaq isə heç də asan deyil. Baxacağım gənc oyunçuları yığma üçün dəyərləndirmək fikrindəyəm”.

Qeyd edək ki, yığmamız oktyabrın 12-də Bakıda türkiyəliləri 1:0 hesabı ilə məğlub etmişdi.