“Hər bir görüşə, final görüşü kimi çıxacağam”
30.10.2010 - 10:14
“Hər bir görüşə, final görüşü kimi çıxacağam”
“Yarışa ciddi hazırlaşmışıq. Çəkdiyimiz əziyyətin bəhrəsini görmək arzusundayıq”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Rəşad Əhmədov deyib.

Bu gün Bakıda kişi və qadınlar arasında taekvondo üzrə komandalararası Avropa çempionatına start veriləcək. Yarışda Azərbaycan yığması qızıl medallara iddialıdır. Əhmədov bildirib ki, onları turnirdə yalnız çempionluq qane edəcək: “Avropa çempionatında müxtəlif illərdə gümüş və bürünc qazansaq da, bu dəfə bu medalların əyarını dəyişməyi planlaşdırırıq. Çünki Azərbaycanda yerli azarkeşlər önündə nəyə qadir olmağımızı sübut etmək istəyirik. Bunun üçün çempionluqdan başqa yer bizi qane etmir. İnanıram ki, arzumuzu həyata keçirəcəyik və xalqımıza sevinc bəxş edəcəyik”.

Taekvondoçu rəqiblərini bir-birindən ayırmır. O bildirib ki, bütün komandalar hörmətlə yanaşır və onlarla bərabər yarışda yeni jiletlərə qarşı da mübarizə aparacaqlar: “İdmanda əvvəlcədən nəsə demək çətindir. Mən bütün rəqiblərimə hörmətlə yanaşaram. Birini digərindən ayırmıram. Çünki hər bir idmançı qələbə üçün mübarizə aparır. Mən də döşəyə bu arzu ilə çıxacağam. Burada rəqiblərlə yanaşı, yeni elektron jiletlər də problem ola bilər. Bunun üçün hər bir döyüşümə final görüşü kimi çıxacağam”.