“Əsas odur ki, milli komandada zədəli yoxdur”
04.11.2010 - 13:43
“Əsas odur ki, milli komandada zədəli yoxdur”
“İsmayıllıdakı təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Noyabrın 8-də isə yenidən ora yollanıb gənclərdən ibarət milli komanda ilə birgə hazırlığımızı davam etdirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Noyabrın 22-24-də Abu-Dabidə Qran-Pri turniri keçiriləcək. London-2012-yə lisenziya xalı verəcək yarışda baş məşqçi daha çox xal toplamağa çalışacaqlarını bildirib. O cüdoçularımızın Abu-Dabidə uğurlu çıxışına inanır: “Əsası odur ki, milli komandada zədəli yoxdur. Bunun üçün Qran-Pridə uğurlu çıxış etmək iddiasındayıq. Lakin Bosniya və Herseqovinada 23 yaşa kimi cudoçuların Avropa çempionatı keçiriləcəyindən, İlqar Müşkiyev (60 kq) və Elmar Qasımov (100 kq) bu komanda ilə Sarayevoya yollanacaq. Abu-Dabidə isə Qasımovla eyni çəkidə mübarizə aparan Mövlud Mirəliyevə yenidən şans verəcəyik. İstəyirik ki, London-2012-yə kimi hər bir idmançımız maksimum xal toplasın”.

Axundzadə bildirib ki, Olimpiya Oyunlarına əsas xalları Bakıda keçiriləcək usta cüdoçuların mübarizəsində qazanmaq arzusundadırlar. Dünyanın ən güclü 15 idmançısı və 1 Azərbaycan idmançısının iştirakı ilə baş tutacaq usta cüdoçuların yarışı daha çox lisenziya xalı verəcək. Baş məşqçi bu yarışda 9 idmançımız üçün xal ehtiyatlarını artırmağa gözəl fürsət yarandığını deyib: “Bakıda keçiriləcək usta cüdoçuların yarışında tam heyətlə mübarizə aparacağıq. Amma qadınlardan ibarət yığmada yenə də Kifayət Qasımova və Ramilə Yusubovaya şans verəcəyəm. Çünki belə mötəbər yarışa digərlərini buraxmağın mənası yoxdur. Bu turnirin çempionu 300 lisenziya xalı qazanacaq ki, bu da onların irəliləməsi üçün gözəl haldır. Yığmamızın heyətində yalnız Elxan Məmmədovun London-2012-də iştiraka yaxın olduğunu demək olar. Lakin digərlərinin də lisenziyaya sahib olmaq şansları az deyil. Qadın cüdoçularda isə yer kişilərlə müqayisədə azdır. Belə ki, kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında 12 yer London-2012-yə yollanmaq imkanı qazanacaq. Qasımova və Yusubovanın da bu “12-lik”də yer alması üçün çalışırıq. Onlar hazırkı mövqelərini daha da yaxşılaşdırmaq gücündədirlər”.

Qeyd edək ki, Bakıda usta cüdoçular arasında yarış 2011-ci il yanvarın 15-16-da keçiriləcək.