“Azərbaycan yığmasını udsaq, mən də əlimə süpürgə götürərdim”
12.11.2010 - 10:31
“Azərbaycan yığmasını udsaq, mən də əlimə süpürgə götürərdim”
Qazaxıstanlı televiziya şərhçisinin Kostanay şəhər stadionu süpürməsi geniş əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, “Tobol” klubunun çempion ola bilməyəcəyindən mərc gələn və uduzaraq əlinə süpürgə alan jurnalistin “qəhrəmanlığı” onun həmkarlarında da yeni peşəyə həvəs yaradıb.

Qazaxıstanlı jurnalistlərdən biri – Əsgər Beysenbayev isə Avro-2012-nin seçmə oyunları ilə bağlı fikirlərini qələmə alıb: “Şəxsən mən yığmamız Almaniyanı udacağı halda “Astana-Arena”nın bütün kreslolarını təmizləyərdim. Türkiyə ilə qarşılaşmada qalib gələcəyimiz halda, əlimdə döşəmə ağacı idman qurğusunun bütün mərtəbələrini gəzib, silib-süpürərdim. Cüzi də olsa, qələbə şansımızın olduğu Belçika ilə görüşdə arenanın ətrafındakı avtomobil dayanacaqlarını süpürərdim”.

Bernd Ştorkun rəhbərlik etdiyi Qazaxıstan yığması haqda bədbin fikirdə olan həmkarımız almaniyalının qovulmayacağı halda, Azərbaycan milli komandasının da səfərdən xalla dönəcəyinə inanırmış: “Ştork qalsaydı, mərc gələrdim ki, Azərbaycanı da uda bilməyəcəyik. Yığmamız udacağı halda isə konfrans zalı və soyunub-geyinmə otaqlarını təmizləyərdim”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu gələn il iyunun 3-də keçiriləcək.