Yığmamızın 5 üzvü üçün son şans
12.11.2010 - 12:08
Yığmamızın 5 üzvü üçün son şans
Ağır atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusev milli komandanın 5 üzvünə son şans verib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov verib.

Onun sözlərinə görə, son vaxtlar zəif nəticə göstərən Əlibəy Səmədov, Zaur Abdullayev, Tornike Kokaya, Aqşin Mirzəyev və Azər Mustafayev klublarında məşqlərini davam etdirdikdən sonra yenidən yoxlanacaqlar: “Bolqarıstanlı baş məşqçi yığmanın 5 üzvünün çıxışından narazıdır. Onlar öz çəkilərində milli komanda üçün lazımı normativi verə bilmirlər. Bunun üçün Rusev onlara klublarında hazırlıq səviyyəsini yüksəltməyi tövsiyə edib. Əgər bu atletlər yenidən etimadı doğruldarlarsa, yığmaya qayıtmaqda heç bir problem olmayacaq”.

Əsgərov bildirib ki, 5 atlet üçün şans dekabrda keçiriləcək Azərbaycan kubokunda veriləcək: “Bu atletlərin necə hazırlaşdığının şahidi dekabrda olacağıq. Çünki ilin son ayında, təxminən dekabrın 16-dan Azərbaycan kuboku yarışlarına start verəcəyik. Təbii ki, burada özünü yaxşı tərəfdən göstərən idmançı milli komandada yer alacaq. Yığmamız təlim-məşqə isə 2011-ci ilin yanvarında başlayacaq”.