Türkiyə yığmasında “12 ballıq zəlzələ”
13.11.2010 - 11:16
Türkiyə yığmasında “12 ballıq zəlzələ”
Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Türkiyə millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Qus Hiddink Hollandiya ilə keçirəcəkləri yoldaşlıq oyununa 9 yeni futbolçu çağırıb.

Noyabrın 17-də Amsterdamda baş tutacaq matçda Sərdar Kesimal (“Kayserispor”), İbrahim Öztürk (“Bursaspor”), Ersan Adəm Gülüm (“Beşiktaş”), Gökhan Süzen (“İstanbul Böyükşəhər Bələdiyəspor”), Yekta Kertuluş (“Kasımpaşa”), Yiğit İncədəmir (“Manisaspor“), Orhan Güllə (“Qaziantepspor”), Məhmət Ekici (“Nurnberq”, Almaniya) və Engin Baytar (“Trabzonspor”) millidə debüt etmək fürsəti qazanıblar.

Bakıda Azərbaycana 0:1 hesabı ilə yenildikdən sonra yığmada islahatlar aparan hollandiyalı mütəxəssis Almaniya və həmyerlilərimizə qarşı açıqladığı heyətlə müqayisədə isə 12 futbolçudan imtina edib. O, yeni siyahıya Hakan Arıkan, Genk Gönen, İbrahim Toraman, Mehmet Aurelio, Necip Uysal (hamısı “Beşiktaş”), Ömər Ərdoğan (“Bursaspor”), Ceyhun Gülselam (“Trabzonspor”), Tuncay Şanlı (“Stok Siti”, İngiltərə), Halil Altıntop (“Frankfurt”, Almaniya), Semih Şəntürk, Özər Hurmaçı (hər ikisi “Fənərbaxça”) və Mevlut Erdinçin (PSJ, Fransa) adlarının daxil etməyib.

Zədəli olan Nihat Kahveçi (“Beşiktaş”), Arda Turan, Hakan Balta (hər ikisi “Qalatasaray”), Səlcuk Şahin və Əmrə Bələzoğlu (hər ikisi “Fənərbaxça”) milli komandanın düşərgəsində yer almayacaqlar.

“İstanbul Böyükşəhər Bələdiyəspor”un yarımmüdafiəçisi İbrahim Akın isə 4,5 illik fasilədən sonra yenidən “ay-ulduzlu” komandaya qaytarılıb. O son dəfə əsas komandada 2006-cı il iyunun 4-də Makedoniyaya qarşı yoldaşlıq matçına çağırılmışdı.

Qeyd edək ki, Hollandiya və Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Türkiyə yığmasının heyəti

Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Onur Rəcəb Kıvrak (“Trabzonspor”), Ufuq Ceylan (“Qalatasaray”).

Müdafiəçilər: Gökhan Gönül (“Fənərbaxça”), Sabri Sarıoğlu, Sərvət Çətin (hər ikisi “Qalatasaray”), Sərdar Kesimal (“Kayserispor”), İbrahim Öztürk (“Bursaspor”), İsmayıl Köybaşı, Ersan Adəm Gülüm (hər ikisi “Beşiktaş”), Gökhan Süzen (“İstanbul Böyükşəhər Bələdiyəspor”).

Yarımmüdafiəçilər: Hamit Altıntop (“Bavariya”, Almaniya), Yekta Kertuluş (“Kasımpaşa”), Səlcuk İnan, Engin Baytar (hər ikisi “Trabzonspor”), Yiğit İncədəmir (“Manisaspor“),Orhan Güllə (“Qaziantepspor”), Nuri Şahin (“Borussiya” Dortmund), Məhmət Ekici (“Nurnberq”, Almaniya), İbrahim Akın (“İstanbul Böyükşəhər Bələdiyəspor”).

Hücumçular: Batuhan Karadəniz (“Əskişəhərspor”), Burak Yılmaz, Umut Bulut ( hər ikisi “Trabzonspor”), Kazım Kazım (“Fənərbaxça”).