Yeni reytinq cədvəlində irəliləyən cüdoçumuz olmadı
18.11.2010 - 16:53
Yeni reytinq cədvəlində irəliləyən cüdoçumuz olmadı
Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan cüdoçularından ən yüksək pillədə yenə də Elxan Məmmədov qərarlaşıb. Mübarizə apardığı 90 kq çəki dərəcəsində 758 xala malik olan idmançımız 7-ci yerdəki mövqeyini qoruyub. Ondan fərqli, gənc Tərlan Kərimov (66 kq) 1 pillə geriləyib. Aktivində 310 lisenziya xalı olan cüdoçu 18-ci yerə enib.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Rəcəbli və Elnur Məmmədli yerlərində “sayıblar”. Onlar son siyahıdakı kimi müvafiq olaraq, 288 xalla 27-ci və 208 xalla 36-cıdırlar. Afina-2004-ün bürünc mükafatçısı Mövlud Mirəliyev (100 kq) isə yenidən “100-lüyü” tərk edib. Son yarışlarda zədə səbəbindən çıxış etməyən ağır çəkili idmançı 101-ci pilləyə düşüb. Yığmada onunla eyni çəkidə rəqabət aparan Elmar Qasımov da geriləyib. 238 xal toplayan cüdoçumuz 33-cü yerə enib.

Qadınlar idmançılardan isə Kifayət Qasımova (57 kq) 32-ci (196 xal), Ramilə Yusubova (63 kq) isə 22-ci (312 xal) yerdədirlər. Onlar da 1 pillə geriləyiblər.