Azərbaycan milli komandasında yeni baş məşqçi – FOTO
16.12.2010 - 18:41
Azərbaycan milli komandasında yeni baş məşqçi – FOTO
Boks üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevin Lent.az-a verdiyi məlumata görə, bu, WSB (Ümumdünya Boks Seriyası) Liqasında mübarizə aparan “Baku Fires” klubunun baş məşqçisi Yevgeni Kotovdur.

Rusiyalı mütəxəssisin təyinatı yaxın günlərdə ABF İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək. Onun köməkçisi isə Nəriman Abdullayev olacaq. Beynəlxalq dərəcəli idman ustası Kotovun ilkin məqsədi Azərbaycan boksçularına 2012-ci il London Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazandırmaqdan ibarət olacaq.

Abiyev bildirib ki, indiyədək millimizə rəhbərlik etmiş Xesus Yu Polierlə Lazaro Ximenes Martines hazırda vətənləri Kubadadırlar. Hər iki mütəxəssislə müqavilə müddəti başa çatıb. ABF rəsmisi artıq Polierlə yollarını ayırdıqlarını, Martinesin məsələsinə isə hələ aydınlıq gəlmədiyini bildirib: “Martines millidə yox, Azərbaycan klublarından birində çalışa bilər”.

Qeyd edək ki, əslən Dağıstandan olan Yevgeni Kotovun rəhbərliyi altında “Baku Fires” WSB Liqasında indiyədək keçirdiyi hər 3 görüşdə qələbə qazanıb.