Rusiya yığması martda Azərbaycana gələcək
10.02.2011 - 13:00
Rusiya yığması martda Azərbaycana gələcək
Martda Bakıda keçiriləcək boks üzrə beynəlxalq “İpək yolu” turnirində iştirak edəcək Rusiya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız ənənəvi turnirə 5 idmançı ilə qatılmaq niyyətindədir.

Rusiya yığmasının baş məşqçisi Nikolay Xromovun sözlərinə görə, paytaxtımızda iştirakla dünya çempionatının abı-havasını duymaq fikrindədirlər: “Martın 8-də Bakıda “İpək yolu” yarışı start götürəcək. Bu turnirdə bizim komandamızın kapitanı Yeqor Mexonçev (81 kq), həmçinin öz çəki dərəcələrində 1 nömrələr – Albert Səlimov (60 kq), Andrey Zamkovoy (69 kq), Artur Beterbiyev (91 kq) və Sergey Kuzmin (+91 kq) iştirak edəcəklər. Bizim bu yarışda güclü heyətlə mübarizə aparmağımızda əsas olan odur ki, “İpək yolu” dünya çempionatının paytaxtında keçiriləcək. Biz orada həmin abı-hava ilə nəfəs almaq istəyirik. Şəraiti, hakimliyin hansı dərəcədə olması ilə yerindəcə tanış olmaq arzusundayıq”.

Azərbaycan yığmasının əsas rəqiblərindən olan rusların Olimpiya komandasının ilkin hazırlıq planı da müəyyənləşib. Xromov bildirib ki, 10 nəfərlik heyətin bir hissəsi də Londona səfər edəcək: “Martın 2-də Londonda keçiriləcək təlim-məşq toplanışında digər çəkili boksçularımız da hazırlıq keçəcəklər. İngiltərənin paytaxtında Mişa Aloyan (52 kq), Eduard Abzalimov (56 kq) və Artyom Çebotaryev (75 kq) heyətimizlə məşq edəcək. Bundan sonra bizi daha gərgin – Çexovda keçiriləcək Rusiya çempionatı gözləyir. ”

Qeyd edək ki, Bakıda London-2012-yə lisenziya verəcək mundial sentyabrın 26-da start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək. Yarışda 600-ə yaxın idmançının iştirakı gözlənilir. Bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və +91 kq çəki dərəcələrinin hərəsində isə 6 boksçu Böyük Britaniyada çıxış imkanı qazanacaq.