Fövqəladə Hallar Nazirliyi ilin 2-ci yarışını keçirdi
28.02.2011 - 09:36
Fövqəladə Hallar Nazirliyi ilin 2-ci yarışını keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyindəki qurumların əməkdaşları arasında ilin ikinci idman yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, Mülkü Müdafiə Qoşunları Komandanlığının tədris binasında təşkil edilən daşqaldırma üzrə çempionatda 16 qurumdan 90-dək iştirakçı qüvvəsini sınayıb.

Açılış mərasimində idmançılara uğurlar arzulayan nazirliyin idman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını qeyd edib. Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırıb.

6 çəki dərəcəsində keçirilən yarışda ən yüksək nəticəni Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları göstəriblər. Bu qurumdan Elman Hətəmov (65 kq), Araz Dəmirov (90 kq) və Araz Orucov (+90 kq), Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) Elşən Yaqubov (60 kq), Mülkü Müdafiə Qoşunlarından (MMQ) Mətləb Məmmədov (70 kq) və Sumqayıt Regional Mərkəzindən (SRM) Zakir Zeynalov (80 kq) müxtəlif çəki dərəcələrində birinci yeri tutublar.

Komanda hesabında isə Dövlət Yanğından Mühafizə Xidməti birinci, Xüsusi Riskli Xilasetmə Xidməti ikinci, Mülkü Müdafiə Qoşunlarının əməkdaşları üçüncü nəticə göstəriblər. Sonda Mülkü Müdafiə Qoşunlarının hərbi orkestrinin müşayiəti ilə fərqlənən iştirakçılara müvafiq mükafatlar təqdim edilib. Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun təşkil edəcəyi növbəti yarış martda armreslinq üzrə çempionat olacaq.