“Azərbaycan milli komandası gücünü gizlədir”
15.04.2011 - 16:13
“Azərbaycan milli komandası gücünü gizlədir”
Rusiyanın Kazan şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan yığmasının milliləşdirilmiş legioneri Valentin Xristovun uğurlu çıxışı Bolqarıstan mətbuatını zəbt edib. Apasport.az saytının məlumatına görə, bolqar həmkarlarımız artıq idmanın bu növünə cavabdeh şəxslərdən hesabat tələb edirlər.

Onların yazdıqlarına görə, Yanko Rusevin başçılıq etdiyi milli komandamız gücünü gizlədir: “Azərbaycanı təmsil edən həmyerlilərimizin çıxışını dünya çempionatında və Olimpiya Oyunlarında görəcəyik. Hələ 17 yaşlı Xristovun Avropa çempionatında göstərdiyi nəticə onların yanında heç nə olacaq. Bizdə olan məlumata görə, Yanko Rusevin komandasında olan İvan Stoitsov hazırda əla formadadır. O, birdənqaldırmada 175 kq, təkanlaqaldırmada isə 220 kq-dan artıq qaldırır ki, bu da öz çəkisində 2 yeni dünya rekordu deməkdir. Onunla bərabər isə London Olimpiadasına kimi Veleçko Çolakovun da cəza müddəti bitəcək. Pekin-2008 ərəfəsində dopinqdə ilişən bu atletlər bizim üçün ciddi rəqib olacaqlar”.

Qeyd edək ki, qadın və kişi milli komandalarımızda 6 bolqarıstanlı ağır atlet yer alır.