Rail Məlikov: Qoy, Löv hələ gəlib Bakıda 1 xal alsın, sonra danışar
02.06.2011 - 09:16
Rail Məlikov: Qoy, Löv hələ gəlib Bakıda 1 xal alsın, sonra danışar
“Kapitanımız Rəşad Sadıqovun fikirləri ilə razıyam. Lövün Qazaxıstanı millimizdən güclü sayması fikri bizim üçün maraqlı deyil. Qoy, Löv hələ gəlib Bakıda 1 xal alsın, sonra danışar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla rəsmi oyun öncəsi bu gün keçirilən mətbuat konfransında Azərbaycan millisinin futbolçusu Rail Məlikov deyib.

“Neftçi” klubunun kapitanı Azərbaycan çempionluğu qazanandan sonra növbəti qələbənin sevincini yaşamaq istəyir: “Qazaxıstanla oyuna ciddi hazırlaşmışıq. Hesabımızda 3 xal var. Növbəti qələbəmizi qazanıb, xalımızı 6-ya çatdırmaq istəyirik. Bakıya qələbə ilə qayıtmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Rail “Xəzər Lənkəran”da oynayan komanda yoldaşı Elnur Allahverdiyevlə münasibətlərindən də danışıb. Məlum olduğu ki, hər 2 futbolçu “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə bağlı ajiotaj zamanı mətbuatda bir-birlərinin ünvanına xoşagəlməz sözlər işlətmişdilər.

Bununla əlaqədar apasport.az saytının əməkdaşının sualının cavablandıran Rail hazırda Elnurla aralarında problemin olmadığını söyləyib: “Elnurla bir-birimizi başa düşməmişdik. Milli komanda bir ailədir. Hamımız milli komandanın uğuru üçün çalışırıq. Yığmada mehriban ab-hava hökm sürür, əhval-ruhiyyəmiz yaxşıdır. Əlbəttə, Allahverdiyevlə aramızdakı anlaşılmazlığa son qoyulub”.

Mehman SÜLEYMANOV, Astana