Beranek: Azərbaycanlı məşqçidən fikir öyrənməyim düzgün çıxmaz
02.06.2011 - 14:13
Beranek: Azərbaycanlı məşqçidən fikir öyrənməyim düzgün çıxmaz
“Azərbaycan millisi sürətli komandadır. Sabahkı oyuna derbi kimi baxıram”. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek bu gün keçirdiyi mətbuat konfransında deyib.

Çexiyalı mütəxəssis bildirib ki, komandası millimizlə görüşdə qələbəyə köklənib: “Mən rəqibin oyunu görmüşəm. Bizdə olduğu kimi, onların da heyətində yeni futbolçular var. Azərbaycan yığmasının standart vəziyyətdən yaxşı istifadə edib, qol vurduğunu bilirəm. Buna xüsusi diqqət yetirməyimiz lazımdır. Hesab edirəm ki, sabah Qazaxıstan – Azərbaycan derbisi olacaq. Mən bunu bir müddət əvvəl Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının qazax həmyaşıdları ilə beynəlxalq turnirdəki oyunu zamanı görmüşəm. Orada əsl derbi havası, həyəcan vardı. Qazaxıstan yığması cari seçmə mərhələdə nə qol vurub, nə xal qazanıb. İlk qolumuzu, ilk xalımızı Azərbaycanla oyunda qazanmaq istəyirik. Ancaq onu da başa düşürəm ki, həmkarım Berti Foqts və onun komandası da xal qazanmağa çalışacaq. Bu mənada 2 bərabər səviyyəli komandanın oyunu olacaq. Şansları bərabər sayıram”.

Beranek millimizlə oyun öncəsi həyəcanlı olduğunu bildirib: “Bəli, mən həyəcanlıyam. Çünki Azərbaycanla qarşılaşmaya 1 gün qalıb. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyəm. İstərdim ki, sabah futbol bayramı olsun və güclü qalib gəlsin. Faciə insan öləndə olur. Rəqib də qələbəyə köklənib və uduzarıqsa, bunu faciə kimi qəbul etmək lazım deyil. Evdə oynayırıq və bu, üstünlüyümüzdür. Azərbaycan da qalib gəlməyə çalışır və bu, normaldır. Uduzarıqsa, deməli, güclü rəqibə yenilmişik”.

Çexiyalı mütəxəssis bu gün futbolçularla yığmamızın oyunlarını izlədiyini deyib: “Rəqibin təhlükəli vəziyyətləri olan oyunları göstərmişəm. Əsas heyət müəyyənləşəndə daha geniş təhlil aparacağıq. Hələ əsas qapıçımızı müəyyənləşdirmişəm. Peter Çex vaxtilə qapıçım olub. O da səhv buraxır. Azərbaycan yığmasında təhlükəli futbolçular var. Xüsusilə hücumda. Cavadov, Əliyev, Məmmədov, Şükürov, Abışov qol vəziyyətləri yaradan, fərqlənən futbolçulardır. Ancaq oyunda başqa təhlükəli futbolçular da var”.

Beranek Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi işləyən Ramiz Məmmədovla məsləhətləşmədiyini bildirib: “Bu, mənim iş metodum deyil. Çünki Məmmədov Azərbaycanda doğulub, boya başa çatıb. Ona öz ölkəsinin yığması, futbolçuları haqda fikir bildirmək çətin olar. Ona görə də Məmmədovdan fikir öyrənməyim düzgün çıxmazdı. Mən “Atırau”dan futbolçu cəlb etməmişəm. Gələcəkdə lazım olarsa, baş məşqçidən soruşmaq olar”.


Mehman SÜLEYMANOV
Astana