Berti Foqtsla Miroslav Beranekin fərqi
02.06.2011 - 16:40
Berti Foqtsla Miroslav Beranekin fərqi
Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununa hazırlıq çərçivəsində bu gün açıq məşqini keçirib. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, millimiz rəqibin məşqi bitəndən sonra – yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 17:00-da) “Astana Arena”da hazırlığa çıxıb.

Yığmamızın da məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Bundan sonra həm azərbaycanlı, həm də yerli medianın nümayəndələri təşkilatçılar tərəfindən meydançadan çıxarılıb.

Ancaq hər halda, hər 2 açıq məşqə əsasən yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts çexiyalı həmkarı Miroslav Beranekdən fərqləndirən məqamı qeyd etməyə dəyər.

Belə ki, Beranek ilk 15 dəqiqədə futbolçularını yalnız meydanın ortasında isinmə hərəkətləri etdirdisə, Foqtsun bu çalışmaları qısa sürdü və toplu çalışmalar oldu. Foqts futbolçuları şərti olaraq “yaşıllar” və “qırmızılar”a bölməklə, qısa ölçülü meydançada sınadı. Qazax həmkarlarımız da buna baxmaqla, futbolçularımızla daha yaxından tanış olmaq, təxmini heyəti özləri üçün müəyyənləşdirmək imkanı qazandı.

Məşqdə yığmamıza çağırılan 24 futbolçunun hamısı iştirak etdi və rəqibdən fərqli bizdə zədəli futbolçularımızın olmaması sevindirici məqamdır.

Qeyd edək ki, milli komandamız bu məşqlə Qazaxıstanla görüşə hazırlığını bitirdi və oyun saatını gözləyir. Komandalar sabah Bakı vaxtilə saat 18:00-da “Astana Arena”da görüşəcəklər.

Mehman SÜLEYMANOV
ASTANA