Berti Foqts: Buna görə utanıram
05.06.2011 - 12:54
Berti Foqts: Buna görə utanıram
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunun 3-də keçirilən oyun (1:2) haqda fikirlərini açıqlayan almaniyalı mütəxəssis sonra KİV nümayəndələrinin suallarını cavablandırıb.

- Qazaxıstanla oyunda heç-heçə və ya qələbə qazana bilmədiyimizə görə, təəssüflənirəm. Oyunda iki ciddi səhv buraxdıq. Birincisi, sürətdə rəqibə uduzduq, digər epizodda isə hakim fit vermədiyi halda dayandıq. Beynəlxalq oyunlarda buna ciddi yanaşmaq lazımdır. Futbolçularımın daha yaxşı oynayacağını gözləyirdim. Yəni qitəmiqyaslı yarışlarda istəkli olmalısan. Təəssüf ki, uşaqlarda bunu görmədim. Rəqib səhvlərimizi bağışlamadı. İndi komandanı qarşıdakı çətin oyuna hazırlamalıyıq.

- Hamını günahlandırdınız. Bəs özünüz necə, məğlubiyyətə görə xəcalət çəkirsinizmi?
- Mən məğlubiyyətə görə heç kimi günahlandırmamışam. Ona görə utanıram ki, komandam bacardığından da aşağı səviyyədə çıxış etdi. İstək yox idi. Oyun ərzində 4 qol epizodu yaratdıq və birindən istifadə edə bildik. Gənc komandamızın səfərdə təzyiq altında oynamağa öyrəşməyib. Tədricən bunu da yoluna qoyacağıq. İşim topladığım təcrübəni uşaqlara öyrətməkdir. Məşq prosesində onların hazırlığı məni qane etsə də, oyun zamanı bunu nümayiş etdirə bilmədilər.

- Bayaq rəqibin bizim səhvlərimizi bağışlamadığını dediniz. Bəs biz niyə onların səhvini bağışladıq?
- Deməzdim ki, onların səhvlərindən yararlanmadı. Bunun nəticəsində 4 real qol epizodu yaratdıq. Birindən istifadə etdik, digərində isə qapıçı yaxşı oynadı. Qalan epizodlarda isə ötürmə vermək lazım idi. Gərək həmin vaxt soyuqqanlı olasan və meydanı yaxşı görəsən. Bəlkə komanda yoldaşın səndən yaxşı mövqedə qərarlaşıb?
Yenə qeyd edirəm, son 14 gündə yaxşı məşq etmişdik. Ancaq məşq ayrı, oyun ayrı. Gərək məşqdə etdiyini oyunda da sərgiləyəsən.

- Qazaxıstanla oyundan sonra AFFA rəhbərliyi ilə görüşmüsünüz. Sizin qarşınıza hansı tələb qoyulub?
- Bəli, assosiasiya rəhbərliyi ilə görüşümüz olub. Aramızda olan söhbəti mətbuata açıqlamaq fikrində deyiləm. Amma onların emosiyasını başa düşürəm. Futbolumuzun 100 illiyi ilə əlaqədar qələbə qazanıb, hədiyyə etmək istəyirdik. Ancaq alınmadı. Bu gün Azərbaycan futbolunun inkişafı üçün bu qədər investisiya qoyulub. Yeni meydançalar tikilib və tikilir, futbol akademiyası açılıb və s. Buna görə də rəhbərliyin bizdən bunu tələb etməyə haqqı var. Bi zgənc futbolçulara nümunə olmalıyıq. Bunun üçün isə meydanda can qoymaq lazımdır.

- Qazaxıstanla oyundan sonra fiziki hazırlıqla bağlı şikayət etmisiniz. Digər yandan isə 14 gündə yaxşı məşq keçdiyinizi qeyd etdiniz. Sizcə, burda anlaşılmazlıq yoxdurmu?
- Futbolçuların fiziki hazırlığı ilə bağlı şikayət etməmişəm. Sadəcə, oyunçularımda aqressivlik çatmırdı. Fiziki hazırlıqla bağlı avqustda klub məşqçiləri ilə görüşüb, söhbət edəcəm. 14 gün ərzində bunu aradan qaldırmaq mümkün deyil.

- Sizi Azərbaycana futbolçuların bacarığını üzə çıxarmaq məqsədilə dəvət ediblər. Bəs bunu niyə edə bilmirsiniz?
- Sizinlə razıyam. Bu sualı özü-özümə verəcəm və nəticəsini AFFA rəhbərliyinə açıqlayacam. Azərbaycan ilk səfər qələbəsinin hansı rəsmi oyunda qazanıb? Lixtenşteyinlə matçda. Həmin vaxt komandanın baş məşqçi kim idi? Mən. Bəli, bura öz təcrübəmi azərbaycanlı futbolçulara qazandırmağa gəlmişəm.

- Azərbaycan yığması 2 gün sonra Almaniya ilə qarşılaşacaq. Həmvətənlərinizlə üz-üzə gələcəyinizə görə sevinirsinizmi?
- Xeyr. Amma komandam bu qarşılaşmaya görə sevinir. Futbolçularımız yaxşı oynamağa çalışacaq. Sözsüz, Almaniya güclü komandadır.

- Qazaxlar 8 ay ərzində bizi məğlub edə biləcək komanda formalaşdıra bildilər. Bəs biz niyə bunu bacarmadıq?
- Sözsüz, biz də qələbə qazana bilərdik. Yenə deyirəm, bizim komanda aqressiv futbol oynamağa öyrəşməyib. Beynəlxalq oyunlarda isə buna üstünlük verirlər.

- Murad Hüseynovu hansı oyunda görüb bəyənmisiniz?
- Oyunçular barədə mətbuata açıqlama vermək istəmirəm. Muradın oyununu həm “Qəbələ”nin, həm də əvvəllər izləmişəm.

- Rail Məlikov sol cinahda oynamağa öyrəşməyib. O, “Neftçi”də sağ cinahda çıxış edir. Belə olan təqdirdə bu futbolçuya sol cinahda şans vermək nə dərəcədə düzgün idi? Həmin mövqedə Elnur Allahverdiyevə şans vermək olmazdımı?
- Sol müdafiəçi mövqeyində problemimiz var. İki il əvvəl bu cinahda Nodar Məmmədova və Emin Cəfərquliyevə şans verdim. Ancaq oyunları alınmadı. Railə gəldikdə, onunla söhbətimiz olub. Futbolçu hansı mövqedə şans versəm, komanda kömək edəcəyini bildirib.
Elnur Allahverdiyevə gəldikdə, onun müəyyən problemləri var idi. O, oyuna hazır deyildi. Artıq həmin problemlər aradan qaldırılıb. Almaniya ilə qarşılaşmada sol cinahda ona şans verəcəyimi deyə bilərəm.

- Almaniya ilə oyundan sonrakı planlarınız necə olacaq?
- Təlim-məşq toplanışımız olacaq və komandanı Makedoniya ilə matça hazırlayacam.