Rəşad Sadıqov: Azarkeşlərə söz deməyə adamın üzü gəlmir
07.06.2011 - 13:27
Rəşad Sadıqov: Azarkeşlərə söz deməyə adamın üzü gəlmir
“Meydana təmiz başla çıxmalıyıq. Məğlubiyyət haqda düşünsək, bu bizə mənfi təsir göstərəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Bu gün Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq millimiz ikinci ev oyununa çıxacaq. Bakıdakı ilk qarşılaşmada Türkiyəni minimal hesabla yenən (1:0) komandamız bu dəfə 3 qat dünya və Avropa çempionu ilə üz-üzə gələcək.

Təbii ki, cütün favoriti Qərbi Avropa təmsilçisidir. Cari mərhələdə keçirdiyi 6 oyunun hamısında qələbə qazanan almanlar qrup lideri kimi final mərhələsinə vəsiqəni paytaxtımızda rəsmiləşdirə bilərlər.

Son qarşılaşmada Qazaxıstana məğlub olan yığmamız isə bu oyunun psixoloji gərginliyini unutmaqla yanaşı, güclü rəqibinə “badalaq” vurmaq istəyir: “Almaniya ilə oyunda sonadək mübarizə aparmalıyıq. Çalışmalıyıq ki, bu güclü rəqibdən xal qoparaq. Azarkeşlərə gəlincə, sözün düzü, onlara söz deməyə adamın üzü gəlmir. Stadiona gəlib, bizə dəstək olsalar, onlara minnətdarlığımızı bildirərik. Gəlməsələr də, biz çıxıb mübarizə aparmalı, yaxşı oyun nümayiş etdirməli və Qazaxıstanla matçdakı məğlubiyyəti unutdurmalıyıq”.